YUNESKO-da Azərbaycan Tədqiqatı Mərkəzi açıla bilər

Posted by

YUNESKO-da Azərbaycan Tədqiqatı Mərkəzi açıla bilər

YUNESKO-da Azərbaycan Tədqiqatı Mərkəzi açıla bilər

YUNESKO-da Azərbaycan Tədqiqatı Mərkəzi açıla bilər

Bu gün gənclər və idman naziri Azad Rəhimov mayın 26-da Bakıda öz işinə başlayan “Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları” Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumu çərçivəsində ölkəmizə təşrif buyurmuş YUNESKO Baş Konfransının sədri, YUNESKO-nun Çin Milli Komissiyasının direktoru və Çin təhsil nazirinin müavini Hao Pingi qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə elm, təhsil, gənclərlə iş sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivləri, Azərbaycan gənc alimlərinin dünya elminə inteqrasiyasının təmin edilməsi, Azərbaycan və dünya gənc alimləri arasında əməkdaşlıq münasibətlərinin qurulması, eləcə də Gənclər və İdman Nazirliyi tərəfindən gənc alimlərə göstəriləcək dəstək və s. məsələlər müzakirə edilib.

Qonaq Bakının ev sahibliyi etdiyi tədbiri yüksək səviyyədə qiymətləndirərək bu gün dünyada insanların ünsiyyətdə olub bilik və təcrübələrini paylaşmaları üçün geniş şəkildə yayılmış “People to people” (İnsandan İnsana) layihəsinin Azərbaycan üçün də maraqlı olacağını qeyd edib: “Tam əminliklə qeyd edə bilərəm ki, dünyanın 100-ə yaxın ölkəsinin Azərbaycan da daxil olmaqla 500-ə yaxın gənc magistr, doktor, bir sözlə, alimlərini bir araya toplayan tədbir ilk dəfədir ki, bu cür böyük miqyasda keçirilir. Mən Gənclər və İdman Nazirliyinə dəstək və yardım üçün təşəkkürümü bildirirəm. Azərbaycan çox maraqlı, təqdiqatların aparılması üçün diqqət cəlb edən ölkədir. Bu səbəbdən biz YUNESKO-da Azərbaycan Tədqiqatı Mərkəzinin açılmasında maraqlıyıq”.

Gənclər və idman naziri A.Rəhimov öz növbəsində gənclər, elm və təhsil sahələrində nazirliyin həyata keçirdiyi tədbirlər haqqında geniş məlumat verib, “Mən Azərbaycan haqqında nə bilirəm” layihəsi çərçivəsində 15 artıq ölkədən 250-ə yaxın gəncin Azərbaycana səfər etdiyini bildirib, bu səpkili layihələrin daha da genişlənəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, 31 may tarixinədək davam edəcək “Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları” Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunun təşkilatçıları Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, YUNESKO-nun Azərbaycan Milli Komissiyası, “Eurodoc” Avropanın Gənc Tədqiqatçılar Şurası və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətidir.

 

Trend.az