Yaponiyanın Təhsil və Tələbə Mübadiləsi Assosiasiyasında Azərbaycan haqqında təqdimat maraqla qarşılanmışdır
Yaponiyanın NHK televiziyasının baş icmalçısı İçio İşikavanın dəvəti ilə Azərbaycanın bu ölkədəki səfiri Gürsel İsmayılzadə Yaponiyanın Təhsil və Tələbə Mübadiləsi Assosiasiyasında ölkəmizə həsr olunmuş təqdimatla çıxış etmişdir.
Xatırladaq ki, İ.İşikava ümummilli lider Heydər Əliyevdən müsahibə götürmüş ilk yapon jurnalisti, Yaponiyada Azərbaycan və regional enerji layihələri üzrə aparıcı mütəxəssislərdən biridir.
Tədbirdə G.İsmayılzadə Azərbaycan Respublikası, onun tarixi, daxili və xarici siyasəti, iqtisadi inkişafı barədə ətraflı məlumat vermişdir. Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyin möhkəmləndirilməsi yolunda inamla addımladığı, beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaş kimi özünü doğrultduğu, ölkədə uğurlu sosial islahatların həyata keçirildiyi vurğulanmışdır.
Təqdimatda Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rol xüsusi qeyd olunmuşdur. Bundan əlavə, Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirdiyi vurğulanmış, sənaye, turizm, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji mənbələri sahələrində geniş imkanların mövcudluğu bildirilmişdir.
Səfir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, respublikamızın ərazisinin 20 faizinin işğal olunması, nəticədə bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi haqda məlumat vermişdir.
Azərbaycan ilə Yaponiya arasında diplomatik əlaqələrin qurulması barədə danışan səfir son illər ikitərəfli münasibətlərdə əldə edilmiş nailiyyətlərə də toxunmuşdur. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya rəsmi səfərinin iki ölkənin münasibətlərində əlamətdar hadisə olduğu vurğulanmış, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-ci ildə bu ölkəyə rəsmi səfərinin əlaqələrimizin inkişafına növbəti stimul verdiyi qeyd edilmişdir.
G.İsmayılzadə iki xalq arasında əlaqələrin genişləndirilməsində tələbələrin böyük rol oynadığını qeyd etmiş, Bakı Dövlət Universitetində və Azərbaycan Dillər Universitetində yapon dilinin tədris olunduğunu bildirmiş, azərbaycanlı tələbələrin Yaponiyanın bir sıra universitetlərində təhsil almaları barədə məlumat vermişdir.
“ADA” Universiteti haqqında məlumat verən səfir cari ilin martında universitetin bir qrup professor və tələbə heyətinin Yaponiyaya səfəri çərçivəsində Osaka Universiteti ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandığını bildirilmişdir. Gələcəkdə eyni sənədin Ritsumeikan və Doşişa universitetləri ilə də imzalanacağı qeyd edilmişdir. Səfir yapon tələbələri Azərbaycanda təhsil almağa və ölkəmiz haqqında tədqiqatlar aparmağa dəvət etmişdir.
Sonda G.İsmayılzadə tədbir iştirakçılarının suallarını cavablandırmışdır.
Tədbir zamanı iştirakçılara yapon dilində nəşr edilmiş “İRS” jurnalının nömrələri də təqdim edilmişdir.
AzərTac.az