Yaponiya şirkəti Azərbaycanda aztəminatlı əhaliyə bu il nəzərdə tutulmuş xidmətini başa çatdırıb

Posted by

Yaponiya şirkəti Azərbaycanda aztəminatlı əhaliyə bu il nəzərdə tutulmuş xidmətini başa çatdırıb

Yaponiya şirkəti Azərbaycanda aztəminatlı əhaliyə bu il nəzərdə tutulmuş xidmətini başa çatdırıb

Yaponiya şirkəti Azərbaycanda aztəminatlı əhaliyə bu il nəzərdə tutulmuş xidmətini başa çatdırıb

Bu gün Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Yaponiyanın “Fuji Optical” Ltd. şirkətinin rəhbəri, 2006-cı ildə “Nansen qaçqın mükafatı”na layiq görülmüş dünya şöhrətli oftalmoloq Akio Kanai ilə görüşüb.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Ə.Həsənov Azərbaycandakı qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə göstərilən təmənnasız optometrik xidmətə görə doktor A.Kanaiyə və onun rəhbərlik etdiyi heyətə təşəkkürünü bildirərək qeyd edib ki, bu xeyirxah missiyanın artıq 10 ildir həyata keçirilməsi bir daha Azərbaycan ilə Yaponiya hökumətləri arasındakı əlaqələrin yüksək səviyyədə olduğunun, Yaponiya təşkilatlarının ölkəmizdəki fəaliyyəti üçün hərtərəfli şərait yaradıldığının bariz nümunəsidir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişafından, Azərbaycanın bu gün dünyanın diqqət mərkəzində olmasından, Yaponiya-Azərbaycan əlaqələrindən danışan Ə.Həsənov Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündən və münaqişənin hələ də həllini tapmadığından təəssüfləndiyini də bildirib.

Görüşdə vurğulanıb ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı, həmçinin Azərbaycan hökumətinin dəstəyi ilə Yaponiyanın “Fuji Optical Ltd”. şirkətinin nümayəndələri 2005-ci ildən başlayaraq hər il şirkətin rəhbəri doktor A.Kanainin rəhbərliyi ilə Azərbaycana səfər edib və məcburi köçkünlərə, aztəminatlı əhaliyə oftalmoloji xidmət göstərirlər.

BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin təşkilati dəstəyi ilə həyata keçirilən bu humanitar missiyanın məqsədi Azərbaycandakı qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə oftalmoloji xidmət göstərilməsindən ibarətdir.

Qeyd olunub ki, 2005-ci ildən indiyədək şirkət Azərbaycandakı fəaliyyətinə 1,8 milyon ABŞ dollarından artıq vəsait xərcləyib. İndiyədək şirkət tərəfindən 39 minə yaxın yüksək keyfiyyətli optik eynək və digər vasitələr ölkəyə gətirilərək bu təbəqədən olan soydaşlarımıza paylanıb. Bildirilib ki, ümumilikdə ötən 10 il ərzində şirkətin təkcə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin və Azərbaycan hökumətinin dəstəyi ilə həyata keçirdiyi bu xeyirxah missiyalar zamanı 19 mindən artıq qaçqın və məcburi köçkün, aztəminatlı şəxs müayinə olunub və təqribən 18 min nəfər təmənnasız olaraq eynəklə təmin olunub.

Bu il də A.Kanai və 6 optometrist mütəxəssisdən ibarət heyət tərəfindən məcburi köçkünlər, qaçqınlar və digər aztəminatlı insanlar üçün ödənişsiz göz müayinəsi və eynək paylanışı 22-26 aprel tarixlərində İmişli, Beyləqan, Xocavənd və Fizuli rayonlarında, 28 aprel tarixində Bakı şəhərində, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Qaçqın, Qadın və Gənclər mərkəzində həyata keçirilib.

Builki missiya zamanı “Fuji Optical” şirkətinin mütəxəssisləri tərəfindən ümumilikdə 2400 nəfər müayinə olunub, 2 mindən artıq hazır eynək paylanıb. Yardım proqramını əvvəlki illərdə olduğu kimi, bu il də BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi və yerli hakimiyyət orqanları arasında sıx əməkdaşlıq şəraitində həyata keçirilib.

Görüşdə A.Kanai Azərbaycanda son illər aparılan abadlıq-quruculuq işlərindən, qaçqın və məcburi köçkünlər üçün yaradılan hərtərəfli şəraitdən məmnun olduğunu qeyd edib, həmçinin missiyanın növbəti səfərinin uğurla həyata keçirilməsinə lazımi kömək göstərdiyinə görə Azərbaycan hökumətinə, Beynəlxalq Hümanitar Yardım üzrə Respublika Komissiyasına, yerli icra strukturlarına minnətdarlığını bildirib.

 

Trend.az