Xocalı soyqırımı qurbanlarının xatirəsi ABŞ-ın Fletçer Hüquq və Diplomatiya Məktəbində anılıb
ABŞ-ın Massaçusets ştatında yerləşən nüfuzlu Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbində keçiriən tədbirdə Xocalı qoyqırımının qurbanları yad edilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə universitetin beynəlxalq hüquq üzrə ixtisaslaşmış mütəxəssisləri beynəlxalq cinayətdə ədalət mühakiməsi və soyqırımı, müharibə və insanlığa qarşı cinayətlərin beynəlxalq cinayət təqibi haqqında geniş məruzə ilə çıxış ediblər. Tədbirdə sülh və təhlükəsizliyin bərqərar olmasında beynəlxalq cinayətin ədalət mühakiməsi (ədliyyəsi), o cümlədən, soyqırım, müharibə və insanlığa qarşı cinayətləri törədənlərin ədalət məhkəməsi qarşısında cavab verməsinin zəruriliyi haqqında fikir mübadiləsi aparılıb.
Tədbir iştirakçıları Xocalıda törədilmiş cinayətlə Cenevrə Konvensiyasının təməl müddəalarının pozulduğunu bildirib və bu kimi insanlıq faciələrinin qarşısının alınması üçün tezliklə Ermənistan-Azərbaycan münaqişəsinin həllinin labüd olduğunu vurğulayıblar.
Qeyd edək ki, tanınmış ictimai-siyasi xadimlərin məzunu olduğu Fletçer Hüquq və Diplomatiya Məktəbi beynəlxalq münasibətlər üzrə ABŞ-ın ən qədim təhsil ocaqlarından biridir və bu sahə üzrə mütəxəssislərin yetiştirilməsində olduqca məşhurdur.
Trend.az