Xocalı soyqırımı ilə bağlı UEFA-ya mesaj
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin əməkdaşları Xocalı soyqırımının dünyada tanıdılması üçün orijinal aksiyaya başlayıblar.
Qhtxeber.az-ın məlumatına görə, bu gün Şura katibliyinin əməkdaşları başladıqları aksiya çərçivəsində Xocalı abidəsini ziyarət ediblər.
Xatırladaq ki, Şura katibliyinin əməkdaşları UEFA-nın və “Qalatasaray” komandasının e-mail ünvanlarına müraciət göndəriblər.
Müraciətdə xahiş olunur ki, Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində fevralın 26-da keçiriləcək “Qalatasaray” – “Çelsi” qarşılaşmasında 26 fevral Xocalı soyqırımının anım günü türkiyəli futbolçular meydana qollarına qara lent bağlayaraq çıxsınlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev katibliyin əməkdaşlarının aksiyasına dəstək olaraq Vyanadan bununla bağlı müraciət göndərib.
Qeyd edək ki, Şura katibliyinin əməkdaşlarının başladığı bu aksiya ictimayyətdə böyük marağa səbəb olub və kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb.
Qafqazinfo.az