Xanlar Vəliyev: Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində törətdikləri cinayətlərin 4 istiqamət üzrə istintaq edilməsi müəyyənləşdirilib
Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində ermənilərin törətdikləri ağır cinayət faktları ilə bağlı cinayət təqibi üzrə toplanmış materialların həcminin böyüklüyü, şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxslərin, həmçinin araşdırılmalı olan xüsusatların sayının çoxluğu, eyni zamanda həmin cinayətlərin törədilmə üsul və vasitələri, xarakteri nəzərə alınaraq işin 4 istiqamət üzrə istintaq edilməsi müəyyənləşdirilib. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev “Azərbaycan” qəzetindəki məqaləsində bildirib.
Hərbi prokuror qeyd edib ki, Ermənistanın apardığı təcavüzkar müharibə və törədilən zorakılıq nəticəsində 10 minlərlə Azərbaycan vətəndaşı şəhid olub, 50 mindən artıq həmvətənimiz yaralanıb və əlil olub, 900 yaşayış məntəqəsi, 100 min yaşayış binası, 600-dən artıq təhsil və 250 tibb müəssisəsi, yüzlərlə sənaye, kənd təsərrüfatı müəssisələri, zavod, fabrik dağıdılıb, respublika ərazisinin 20 faizini təşkil edən 17 min kvadrat kilometrdən çoxu işğal olunub və 1 milyona qədər azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Onun sözlərinə görə, Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində ermənilərin törətdikləri ağır cinayət faktları ilə bağlı prokurorluq və digər hüquq-mühafizə orqanları 1988-ci ildən erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilməsi, onların bir qisminin öldürülməsi, şikəst edilməsi, təxribat və terror aktlarının törədilməsi, əhalinin məcburi köçürülməsi, yaşayış məntəqələrində maddi sərvətlərin, tarixi mədəniyyət abidələrinin dağıdılması, habelə ermənilərin törətdikləri digər ağır cinayət faktları ilə əlaqədar ayrı-ayrı cinayət işləri başlayaraq istintaq aparıblar. Xalqımıza qarşı törədilmiş bu ağır cinayətlərin istintaqı və onlara hüquqi qiymətin verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədi ilə 18 dekabr 2003-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokurorunun, daxili işlər və milli təhlükəsizlik nazirlərinin əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb.
Qeyd edilən cinayətlər üzrə müxtəlif vaxtlarda icraatı dayandırılmış cinayət işləri üzrə icraat təzələnməklə, istintaq aparılması həmin qrupa həvalə edilib. Respublika Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovun 2005-ci il 5 may tarixli qərarına əsasən, cinayət işinə prosessual rəhbərliyin həyata keçirilməsi respublika hərbi prokuroruna həvalə edilib.
X.Vəliyev bildirib ki, həmin cinayət işlərinin Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun həyata keçirilməsini, işlərin hərtərəfli, tam və obyektiv aparılmasını, səmərəliliyini, operativliyini təmin etmək məqsədi ilə həm icraatdakı, həm də istintaqı dayandırılmış cinayət işləri yenidən hərtərəfli və diqqətlə öyrənilib, törədilmiş cinayətlərin miqyası, xarakteri və spesifik cəhətləri nəzərə alınmaqla vahid istintaq-əməliyyat planı hazırlanaraq təsdiq edilib. Həmin planda cinayət işinə birləşdirilmiş hər bir iş üzrə araşdırılmalı xüsusatlar, həyata keçirilməli istintaq hərəkətlərinin tarixi ayrı-ayrı bəndlərdə öz əksini tapıb: “Cinayət təqibi üzrə toplanmış materialların həcminin böyüklüyü, şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxslərin, həmçinin araşdırılmalı olan xüsusatların sayının çoxluğu, eyni zamanda həmin cinayətlərin törədilmə üsul və vasitələri, xarakteri nəzərə alınaraq işin aşağıdakı 4 istiqamət üzrə istintaq edilməsi müəyyənləşdirilib:
1. Ermənistanın silahlı birləşmələri, Dağlıq Qarabağdakı qanunsuz erməni silahlı dəstələri və SSRİ (MDB)-nin 366-cı alayının azərbaycanlılara qarşı törətdikləri soyqırımı;
2. Yenə yuxarıdakı subyektlər tərəfindən əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı işgəncələr verilməsi;
3. Ermənistan Respublikasının xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası və vətəndaşlarına qarşı terrorçuluğun maliyyələşdirilməsi, təşkili və həyata keçirilməsi;
4. Birinci bənddəki subyektlər tərfindən Azərbaycan Respublikası və vətəndaşlara vurulmuş ziyanın müəyyənləşdirilməsi”.
Respublikanın hərbi prokuroru qeyd edib ki, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərdə törədilən cinayət əməlləri 1 oktyabr 2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı fəslində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə cinayətlərə aid edilib. Cinayət işinin istintaqı hərbi prokurorluq orqanlarında son dövrlərdə keçirilən islahatlardan sonra daha da sürətlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Xüsusi istintaq şöbəsi yaradılıb, qeyd olunan cinayət işinin istintaqı həmin şöbəyə həvalə edilib: “Cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik Respublika Hərbi Prokurorluğuna həvalə edildiyi vaxtdan hal-hazıradək 15000-ə yaxın istintaq hərəkəti aparılıb, o cümlədən 9000-ə yaxın şəxs şahid və zərərçəkmiş qismində dindirilib, 3000-dən artıq şəxs zərərçəkmiş şəxs, 200-ə yaxın şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınıb, 900-dən artıq məhkəmə-tibbi, kompleks məhkəmə-əmtəəşünaslıq və mühasibatlıq və digər ekspertizalar təyin edilərək müvafiq rəylər alınıb, ayrı-ayrı istintaq hərəkətlərinin başqa ərazidə aparılmasına dair 400-dən artıq qərar qəbul edilib, 500-ə yaxın baxış, götürmə, maddi sübut kimi tanıma ilə əlaqədar istintaq hərəkətləri keçirilmiş, müxtəlif təşkilatlara 2000-ə yaxın sorğu göndərilib.
Cinayət işi üzrə hal-hazıradək sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətdiyi müəyyən olunmuş 248 nəfər, onlardan Xocalı soyqırımı üzrə 39 nəfər, Qaradağlı soyqırımı üzrə 12 nəfər, Bağanıs-Ayrım soyqırımı üzrə 18 nəfər, Meşəli soyqırımı üzrə 9 nəfər, Kərgicahan soyqırımı üzrə 47 nəfər, işgəncə faktları üzrə 35 nəfər, terrorçuluq faktı üzrə 3 nəfər, digər epizodlar üzrə 85 nəfər, habelə ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adam öldürmə, qanunsuz silah saxlama, cinayət barədə məlumat verməmə və s. cinayətlər törətmiş 48 nəfər, yəni, cəmi 296 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı çıxarılıb, məhkəmə qərarına əsasən barələrində həbs-qətimkan tədbiri seçilib və axtarışları ilə əlaqədar müvafiq sənədlərin aidiyyəti orqanlara göndərilməsi təmin edilib”.
X.Vəliyevin sözlərinə görə, müəyyən olunub ki, Xocalı şəhərinin 5379 nəfər sakini deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyildir. Bu günədək Xocalı soyqırımı epizodu üzrə 4000 nəfərə qədər şəxs şahid və zərərçəkmiş şəxs qismində dindirilib, 2300 nəfərə yaxın şəxs zərərçəkmiş şəxs qismində tanınıb, 800-dən artıq müxtəlif ekspertizalar keçirilib. Xocalı şəhərinin işğalı ilə əlaqədar dövlət mülkiyyətinə və vətəndaşların xüsusi mülkiyyətinə dəymiş maddi ziyan müəyyən olunub, əşyaların maddi sübut kimi tanınması təmin edilib, habelə baxış, götürmə və s. zəruri istintaq hərəkətləri aparılıb. Nəticədə 39 nəfərin (onlardan 18 nəfər 366-cı alayın hərbi qulluqçuları, 8 nəfər Xankəndi və Əskəran Daxili İşlər Şöbəsinin əməkdaşları, 5 nəfər digər vəzifəli şəxslərdir) və 8 nəfər mülki vətəndaşın Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib: “XX əsrin qəddarlıq və cəzasızlıq rəmzinə çevrilmiş Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz və insanlığa qarşı törətdikləri cinayətlərə görə onların məhkəmə məsuliyyətinə alınacaqları qaçılmazdır”.
Trend.az