Vyetnamda ilk dəfə 28 May – Respublika Günü qeyd edilmişdir

Posted by

Vyetnamda ilk dəfə 28 May - Respublika Günü qeyd edilmişdir

Vyetnamda ilk dəfə 28 May – Respublika Günü qeyd edilmişdir

Vyetnamda ilk dəfə 28 May - Respublika Günü qeyd edilmişdir

Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoyda ilk dəfə Azərbaycanın milli bayramı – Respublika Gününə həsr olunmuş rəsmi qəbul keçirilmişdir.

Tədbirdə Vyetnam parlamentinin, digər dövlət və hökumət qurumlarının rəsmiləri, diplomatik korpusun və yerli ictimaiyyətinin nümayəndələri, vaxtı ilə Azərbaycanın ali təhsil ocaqlarını bitirmiş vyetnamlı məzunlar, qeyri-hökumət təşkilatlarının və nüfuzlu KİV nümayəndələri iştirak etmişlər.

Hər iki ölkənin dövlət himni səsləndikdən sonra ölkəmizin Vyetnamdakı səfiri Anar İmanov 96 il bundan əvvəl “İstiqlal Bəyannaməsi”nin qəbul edilməsi ilə müsəlman Şərqində ilk parlamentli, dünyəvi, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasından və onun tarixindən bəhs etmişdir.

Azərbaycan Respublikasının 1918-1920-ci illərdə yaşamış AXC-nin hüquqi varisi olduğunu vurğulayan səfir dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin əldə etdiyi uğurlardan danışmış, ümummilli Lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycanın müasir tarixində, müstəqil dövlətçiliyimizin möhkəmlənməsində misilsiz rolundan, onun milli mənafeyə söykənən siyasi kursu və dövlət strategiyasının bugünkü bəhrələrindən bəhs etmiş, Prezident İlham Əliyev tərəfindən bu müstəqil siyasətin uğurla davam etdirildiyini bildirmişdir.

Diplomat diqqəti ölkəmizin əldə etdiyi uğurlarla yanaşı, Azərbaycan ərazisinin – Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun Ermənistan tərəfindən işğalı kimi ağrılı probleminə də cəlb edərək, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə indiyədək məhəl qoyulmadığını vurğulamış, Azərbaycan dövlətinin münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirdiyini bildirmişdir. O, BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyinin təcavüzkarın öz əməllərindən geri çəkilməsi üçün fəaliyyətini intensivləşdirəcəyinə və təsirli tədbirlər görəcəyinə ümidini ifadə etmişdir.

Səfir A.İmanov Azərbaycan-Vyetnam əlaqələrinin tarixindən bəhs edərək, bu əlaqələrin təşəkkül tapmasında Vyetnam Prezidenti Ho Şi Minin 1959-cu ildə Azərbaycana, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfərlərinin əhəmiyyətini qeyd etmişdir. O, Azərbaycanın neft və qaz mütəxəssislərinin Vyetnam iqtisadiyyatında bu sahənin inkişafında əvəzsiz xidmətlərini qeyd etmiş, vaxtı ilə ölkəmizdə təhsil almış və bu gün Vyetnamın müxtəlif dövlət və hökumət orqanlarında, eləcə də şirkətlərində çalışan vyetnamlı məzunların iki ölkə və xalq arasında mədəni körpü rolu oynadıqlarını vurğulamışdır. Ölkəmizin Vyetnamla mövcud tarixi əlaqələrin bərpasına və inkişafına böyük önəm verdiyini qeyd edən səfir 2013-cü ildə Vyetnamda Azərbaycan səfirliyinin açılmasının bunu əyani sübuta yetirdiyini söyləmişdir.

Səfir iki ölkə arasında siyasi, iqtisadi, turizm, mədəniyyət, elm və sosial sahələrdə uzunmüddətli və hərtərəfli əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu vurğulayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin ötən günlərdə Vyetnama dövlət səfərinin ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına zəmin yaratdığını qeyd etmiş, səfər zamanı imzalanmış sənədlərin müxtəlif istiqamətlərdə tərəfdaşlığın genişləndirilməsinə yardım edəcəyinə əminliyini ifadə etmişdir.

Vyetnam dövləti adından çıxış edən xarici işlər nazirinin müavini xanım Nquen Fionq Nqa Azərbaycan xalqını əlamətdar gün münasibətilə təbrik edərək, iki ölkə arasında uzun illər ərzində dostluq əlaqələrinin təşəkkül tapdığını, Vyetnam xalqının ölkəmiz və onun qonaqpərvər xalqı ilə yaxından tanış olduğunu qeyd etmişdir. O, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin təməlinin iki xalqın liderləri olan Ho Şi Min və Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edərək, Vyetnam xalqının milli müstəqillik, azadlıq və inkişafında Azərbaycan xalqının dəstəyini heç vaxt unutmayacaqlarını vurğulamışdır.

N.F.Nqa Azərbaycanın son illərdə əldə etdiyi uğurların Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə və nüfuzunun artmasına xidmət edəcəyinə Vyetnam dövlətinin əminliyini ifadə etmişdir.

Nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərinin Vyetnam-Azərbaycan əlaqələrinə yeni təkan verdiyini söyləmiş, iki ölkə arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə, bunun isə öz növbəsində hər iki ölkənin rifahına, regionlarda və dünyada sülh, sabitlik və əməkdaşlığa xidmət edəcəyinə ümidini ifadə etmişdir.

Tədbir Azərbaycanın tarixi, mədəniyyəti, ölkəmizin gündəlik həyatını, müstəqilliyin bərpasından sonra əldə edilmiş uğurları əks etdirən film və milli musiqimizin müşayiəti ilə davam etmişdir.

 

AzərTac.az