Vyanada keçirilmiş beynəlxalq konfransda Azərbaycanda narkotiklərə qarşı aparılan uğurlu mübarizədən danışılmışdır
Martın 13-14-də Vyanada BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 57-ci sessiyasının yüksək səviyyəli seqmenti keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd 2009-cu ildə Komissiya tərəfindən qəbul olunmuş Ümumdünya narkotiklər probleminə qarşı mübarizədə birləşmiş və balanslı strategiyaya doğru beynəlxalq əməkdaşlıq üzrə siyasi Bəyannamənin BMT-yə üzv dövlətlər tərəfindən yerinə yetirilməsinin qiymətləndirilməsi, eləcə də narkotiklərə qarşı mübarizədə yeni yaranan təhlükələrin dəf edilməsi barədə fikir mübadiləsinin aparılması olmuşdur.
Tədbirdə İsveç Kraliçası, 27 ölkənin nazirləri və digər vəzifəli şəxsləri, bir sıra beynəlxalq təşkilatların rəhbərləri iştirak etmişlər.
Azərbaycan toplantıda daxili işlər nazirinin müavini Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur. Nümayəndə heyətinə Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Gömrük Komitəsi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Vyanada yerləşən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin əməkdaşları daxil olmuşlar.
Yüksək səviyyəli seqment zamanı Vilayət Eyvazov çıxış edərək narkotiklər probleminin yaratdığı fəsadlardan danışmış, bu problemin ölkələrin sosial-iqtisadi inkişafını ləngitdiyini, eləcə də ictimai təhlükəsizliyə və sabitliyə təhlükə yaratdığını söyləmişdir.
Hər bir ölkədə narkotiklərə qarşı mübarizənin prioritet sahə elan edilməsinin vacibliyinə toxunan V.Eyvazov Azərbaycanda bu məsələnin ölkə rəhbərliyinin xüsusi diqqətində olduğunu vurğulamışdır. Azərbaycanda bir neçə ildir yaranan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bəhs edən nazir müavini həmin qurum tərəfindən narkomanlıqla və narkotiklərin satışı ilə bağlı ölkədaxili monitorinq və qabaqlayıcı tədbirlərin görülməsi ilə yanaşı, narkotik vasitələrin qeyri-qanuni yolla sərhədlərarası daşınması məsələsinə də ciddi nəzarət yetirildiyini bildirmişdir.
Azərbaycanda narkotiklərə qarşı mübarizədə qurumlararası əməkdaşlığın səmərəliliyinə diqqəti cəlb edən V.Eyvazov məhz birgə həyata keçirilən sistemli və ardıcıl fəaliyyətin nəticəsində 2013-cü ildə 700 hektardan çox ərazidə becərilmiş 300 ton narkotik bitkilərin məhv edildiyini bildirmişdir.
Nazir müavini dövlət tərəfindən həyata keçirilən tədbirlərə, eyni zamanda, qeyri-hökumət təşkilatlarının da cəlb edildiyini və ölkəmizdə narkotiklərə qarşı mübarizənin insan hüquqlarının təmin olunmasına əsaslandığını vurğulamışdır.
Narkotiklərə qarşı mübarizə sahəsində Azərbaycanın iştirak etdiyi regional və beynəlxalq əməkdaşlıq mexanizmlərindən danışan V.Eyvazov ölkəmizin BMT, Avropa Şurası, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, GUAM və digər çərçivələrdə ölkələrlə fəal əməkdaşlıq etdiyini diqqətə çatdırmışdır.
Tədbirin yekununda Nazirlər Bəyanatı qəbul edilmişdir. Bəyanatın mətni üzərində aparılan müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin səyləri nəticəsində sənədin bir neçə hissəsinə ölkəmizin milli maraqlarına uyğun bəndlər əlavə edilmişdir. Bu xüsusda, narkotiklərə qarşı mübarizə zamanı beynəlxalq hüququn xüsusilə ərazi bütövlüyü və suverenlik prinsiplərinin əsas götürülməsinin vacibliyinin vurğulandığı bəndləri qeyd etmək olar.
AzərTac.az