Valideyn hüquqlarının məhdudlaşdırılmasının əsasları və nəticələri

Posted by

Valideyn hüquqlarının məhdudlaşdırılmasının əsasları və nəticələri

 

Valideyn hüquqlarının məhdudlaşdırılmasının əsasları və nəticələri

Valideyn hüquqlarının məhdudlaşdırılmasının əsasları və nəticələri

 

Valideynlərin öz uşaqlarına qarşı məsuliyyəti çox önəmli məsələdir. Sıralarımızda valideynlərin məsuliyyətsizliyi səbəbindən həyatı və gələcəyi təhlükə altına düşən uşaqlarımız da kifayət qədərdir. Qanunvericilik məsuliyyətsiz valideynlərlə bağlı bir sıra cəza tədbiri nəzərdə tutub. Ailə qanunvericiliyində valideynlik hüquqlarından məhrumetmə ilə yanaşı, valideynlik hüquqlarının məhdudlaşdırılması kimi cəza da müəyyən edilib.

Valideyn hüquqlarının məhdudlaşdırılması, onun nəticələri barədə Trend-ə məlumat verən Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin məsləhətçisi Gülşən Həsənova bildirib ki, valideynlərin digər şəxslərlə münasibətdə uşaqlarla bağlı daha üstün hüquqlara, öz uşaqları barəsində isə valideynlər bərabər hüquq və vəzifələrə malikdirlər.

Hüquqşünas qeyd edib ki, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz: “Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilməsi qanunla qadağandır. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar”.

Onun sözlərinə görə, həmin məsuliyyət tədbirlərindən biri hesab edilən valideynlik hüquqlarının məhdudlaşdırılması məhkəmə tərəfindən həll olunan məsələdir. Belə ki, məhkəmə valideynlik hüquqlarından məhrum etmədən uşağın mənafeyini nəzərə almaqla, valideynlərdən, yaxud da onların birindən uşağın alınması barədə qətnamə qəbul edə bilər: “Uşağın valideynlərlə, yaxud onlardan biri ilə qalması onlardan asılı olmayan hallarda-psixi pozğunluq və ya başqa xroniki xəstəliklər, ağır vəziyyət və s.uşağın həyatı üçün təhlükə yaradırsa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir”.

Hüquq məsləhətçisi bildirib ki, valideynlərin davranışı onlarla qalan uşaq üçün təhlükəlidirsə, valideynlik hüquqlarından məhrumetmə üçün əsas yoxdursa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir: “Valideynlər öz davranışını dəyişməzlərsə, valideynlik hüquqlarının məhdudlaşdırılması barədə məhkəmə qətnaməsinin çıxarılmasından 6 ay keçdikdən sonra müvafiq icra hakimiyyəti orqanı uşaqların mənafeyini nəzərə alaraq valideynlik hüquqlarından məhrumetmə iddiası qaldırmalıdır. Müvafiq icra hakimiyyəti orqanı valideynləri, yaxud onlardan birini bu müddətdən də tez valideynlik hüquqlarından məhrumetmə barədə iddia qaldıra bilər”.

O, qeyd edib ki, uşağın yaxın qohumları, yetkinlik yaşına çatmayan uşaqları müdafiə edən orqanlar, məktəbəqədər, ümumtəhsil və başqa müəssisələr valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddia qaldıra bilərlər. Bu qəbildən olan işlərə qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxılır. Məhkəmə həmin işə baxarkən valideynlərdən, yaxud onların birindən aliment tutulması məsələsini də həll edir.

G.Həsənova deyir ki, valideynlik hüquqları məhkəmə tərəfindən məhdudlaşdırılan valideynin uşaqlarla əlaqə saxlamasına bir şərtlə icazə verilir ki, bu əlaqə uşaqlara zərərli təsir göstərməsin.

Valideynlik hüquqlarının məhdudlaşdırılmasının nəticələri barədə danışan vəkil bildirib ki, valideynlik hüquqları məhdudlaşdırılan valideynlər uşağın tərbiyəsi ilə şəxsən məşğul olmaq, uşaqlı valideynlər üçün dövlət müavinətləri və imtiyazlarına olan hüquqlarını itirirlər: ” Lakin onlar uşağın saxlanmasını təmin etmək vəzifəsindən azad edilmirlər. Valideynlik hüquqları məhdudlaşdırılan valideynin uşaqları mənzilə xüsusi mülkiyyət hüququna və ya yaşayış sahəsindən istifadə, valideyn və digər qohumlarla faktiki qohumluğa əsaslanan əmlak hüquqlarına, o cümlədən vərəsəlik hüququna malikdirlər. Əgər hər iki valideynin valideynlik hüquqları məhdudlaşdırılmışsa, uşaq qəyyumluq və himayəçilik orqanının himayəsinə verilir”.

Hüquqşünasın sözlərinə görə, məhkəmə valideynlik hüquqlarının məhdudlaşdırılmasına əsaslar aradan qalxdıqda, valideynlərin (onlardan birinin) verdiyi iddia üzrə uşağın onlara (onlardan birinə) qaytarılması haqqında qətnamə qəbul edə bilər: “Uşağın valideynə qaytarılması uşağın mənafeyi ilə ziddiyyət yaradarsa, məhkəmə iddianı rədd edə bilər”.

 

Trend.az