Vaşinqtonda Madrid prinsiplərinin gələcəyi məsələsi müzakirə edilib

Posted by

Vaşinqtonda Madrid prinsiplərinin gələcəyi məsələsi müzakirə edilib

Vaşinqtonda Madrid prinsiplərinin gələcəyi məsələsi müzakirə edilib

 

 

Vaşinqtonda Madrid prinsiplərinin gələcəyi məsələsi müzakirə edilib

Vaşinqtonda, Karneginin Beynəlxalq Sülh Fondunda “Dağlıq Qarabağ münaqişəsi və Madrid prinsiplərinin gələcəyi” mövzusunda müzakirələr aparılıb. Tədbiri giriş sözü ilə Karnegi Fondunun böyük elmi işçisi, Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən “Qara bağ” kitabının müəllifi Tomas de Vaal açıb. O qeyd edib ki, həlli uzanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması böyük səy tələb edir və Qərb ölkələri bu səyləri dəstəkləyirlər.

 

Tomas de Vaal bildirib ki, bu həftə – ABŞ ilə Kuba arasında münaqişə başlayandan yarım əsr sonra, iki ölkə diplomatik münasibətlərin bərpa olunması barədə razılığa gəlib və bu, yaxşı nümunədir.

 

Sonra “Caucasus Survey” jurnalının redaktoru, “Conciliation Resources” təşkilatının Qafqaz regionu üzrə proqram rəhbərinin köməkçisi Lorens Broers və həmin təşkilatın Qafqaz regionu üzrə layihə meneceri Ziqfrid Fober çıxış edib. Onlar Dağlıq Qarabağ münaqişəsi zonasında indiki vəziyyət, Ermənistan və Azərbaycan rəhbərliklərinin fəaliyyəti, habelə bölgədə baş verən proseslərə Ermənistan və Azərbaycan cəmiyyətlərinin reaksiyası barədə söhbət açıblar. Məruzəçilər qeyd ediblər ki, 2014-cü ildə, xüsusən yayın ortalarında qoşunların təmas xəttində qarşıdurma yaranandan sonra vəziyyət xeyli kəskinləşib. Nəticədə hər iki tərəfdən çoxsaylı hərbi qulluqçu həlak olub, hərbi əməliyyatların yenidən başlanması təhlükəsi yaranıb. Bu da qeyd edilib ki, vasitəçilərə etimad azalıb.

 

Vaşinqtondakı Brukinq İnstitutunun xarici siyasət proqramının böyük elmi işçisi, elmlər doktoru Fiona Hill qeyd edib ki, münaqişənin tənzimlənməsi təkcə vasitəçilərin səyləri ilə məhdudlaşmır, geosiyasi hadisələr sülh danışıqlarında irəliləyişə güclü təsir göstərir.

 

Müzakirələrdə Ermənistan və Azərbaycan tərəflərinin vətəndaş cəmiyyətinin nümayəndələri – “Safer World” qeyri-hökumət təşkilatının əməkdaşı Təbib Hüseynov, Humanitar Araşdırmalar Cəmiyyətinin direktoru Əvəz Həsənov, Yerevandakı Qafqaz İnstitutunun siyasi araşdırmalar departamentinin rəhbəri Sergey Minasyan və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunun erməni icmasının nümayəndəsi Masis Mayılyan da iştirak edib. Çıxış edənlər Madrid prinsipləri əsasında aparılan danışıqlar prosesində vəziyyətə öz münasibətlərini bildiriblər.

 

Tədbirin əvvəlində moderator bildirib ki, vətəndaş cəmiyyətinin üzvləri özlərinin şəxsi nöqteyi-nəzərini təqdim edəcəklər. Buna baxmayaraq, M.Mayılyan separatçı rejimin adından tərtib edilmiş “bəyannamə”ni oxuyaraq vurğulayıb ki, Madrid prinsipləri “ziddiyyətlidir”. O, münaqişə zonasında hər hansı sülhməramlı qüvvələrin olması ideyasını rədd edib. Çünki bu halda Dağlı Qarabağın suverenliyi pozula bilər. Tədbirin qaydalarını və formatını, ümumiyyətlə, beynəlxalq hüquq normalarını anlamayan bu üzdəniraq siyasətçi, deyəsən harada yaşadığını unudub, görünür, o bilmir ki, söhbət yalnız ərazi bütövlüyü müvəqqəti pozulmuş Azərbaycan Respublikasının suverenliyindən gedir. Buna görə də təəccüblü deyil ki, “Dağlıq Qarabağ xalqının keçirdiyi referendum və öz iradəsini ifadə etməsi barədə Mayılyanın söylədiyi nağılları Ermənistan səfirliyinin əməkdaşı da dəstəkləyir.

 

Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Fəxrəddin İsmayılov Ermənistan nümayəndələrinin bəyanatlarına cavab verərək qeyd edib ki, görünür, M.Mayılyan buraya kriminal rejim tərəfindən təlimatlandırılaraq separatçıların adından bəyanatı oxumaq üçün göndərilib. F.İsmayilov bu hərəkəti tədbirin təşkilatçılarına və iştirakçılarına hörmətsizlik kimi qiymətləndirib. O deyib ki, tədbirin məruzəçiləri siyahısına vətəndaş cəmiyyətinin nümayəndələrinin daxil edilməsi düzgün olmayıb, çünki bu siyahıya Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni icmasının nümayəndəsi daxil edildiyi halda işğal altında olan regionun Azərbaycanlılar icmasının nümayəndəsi bu siyahıda yoxudur.

 

AzərTAc-ın ABŞ-dakı xüsusi müxbiri Yusif Babanlı erməni tərəfin bəyanatlarına cavab verərək qeyd edib ki, əgər hər iki tərəf Madrid prinsiplərinin əsas bəndləri ilə, o cümlədən, Dağlıq Qarabağa bitişik rayonların qaytarılması barədə bəndlərlə nəzəri cəhətdən razılaşırsa, onda nə üçün Ermənistan rəhbərliyi nəinki Dağlıq Qarabağın özündə, hətta ona bitişik rayonlarda da qanunsuz hərəkətləri ilə Azərbaycan tərəfini provokasiyaya sövq edir? Nə üçün Ermənistan rəhbərliyi beynəlxalq hüququn daha bir normasını, konkret olaraq Cenevrə Konvensiyasının 49-cu maddəsini pozaraq, Ermənistanın özündə kifayət qədər yer olduğu halda Ermənistan vətəndaşlarını və Suriyadan olan erməni qaçqınları Azərbaycanın Laçın və Kəlbəcər rayonlarında məskunlaşdırır? Nə üçün ermənilərin hərbi helikopterləri Ağdam rayonunun səmasında (bura hətta keçmiş DQMV-nin işğal edilmiş ərazi də deyil. Hərçənd, həmin helikopterlərin orada da uçmağa haqqı yoxdur) – Azərbaycanın işğal edilmiş ərazisi olduğunu hətta Serj Sarkisyanın özünün də etiraf etdiyi Ağdamın səmasında təlimlər keçirlər?

 

AzərTAc-ın xüsusi müxbiri onu da qeyd edib ki, Qarabağda heç bir iradə bildirilməyib. Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionunun ilhaq edilməsi üçün ərazi iddiaları olub.

 

AzərTAc-ın nümayəndəsi Ermənistan səfirliyinin əməkdaşına məsləhət görüb ki, “Dağlıq Qarabağ xalqının” iradəsindən danışanda terminlər seçərkən diqqətli olsun, çünki “Dağlıq Qarabağ xalqı” yoxdur, Qarabağın iki icması var – erməni icması və azərbaycanlılar icması. 650 mindən çox insanı birləşdirən Azərbaycanlılar İcması erməni silahlı qüvvələri tərəfindən doğma yurdlarından zorla qovulub.

 

AzərTac.az