“Uşaqlara siqaret satmaq qadağandır!” ümumrespublika kampaniyası çərçivəsində Xaçmaz rayonunda “Yetkinlik yaşına çatmayanların tütün məmulatlarına çatımlılığı: problemlər və həlli yolları” mövzusunda Dəyirmi Masa keçirilib

Posted by

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və “İnsan Hüquqları XXI əsr-Azərbaycan” fondunun birgə təşkilatçılığı ilə “Uşaqlara siqaret satmaq qadağandır!” ümumrespublika kampaniyası çərçivəsində Xaçmaz rayonunda “Yetkinlik yaşına çatmayanların tütün məmulatlarına çatımlılığı: problemlər və həlli yolları” mövzusunda  Dəyirmi Masa keçirilmişdir.

Dəyirmi masanı giriş sözü ilə Xaçmaz rayon icra hakimiyyətinin əməkdaşı, Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə Komissiyanın üzvü Araz Rzayev tədbirin əhəmiyyətindən danışmış, rayonda komissiyanın gördüyü işlər barədə məlumat vermişdir. Fondun prezidenti Şahin Camalovda öz növbəsində qonaqları salamlamış, layihənin günümüzdəki əhəmiyyəti barədə geniş məlumat vermişdir. Həmçinin, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) eksperti Məhərrəm Zülfüqarlı da problemin ciddiliyini diqqətə çatdırmış və bu sahədə ictimai sektorun rolu barədə fikirlərini bölüşmüşdür. Daha sonra cari ilin mart ayında Bakı şəhərində “ELS” Müstəqil Araşdırmalar Mərkəzi tərəfində həyata keçirilmiş sosioloji tətqiqatın nəticələri təqdim edilmişdir. Sosioloji sorğunun nəticələrinin müzakirəsi zamanı Xaçmaz rayon Mərkəzi Xəstəxanasının həkim-narkoloqu Ağakərim Muradxanov çıxış edərək yetkinlik yaşına çatmamaış şəxslərin tütün məmulatlarına çıxışlarının məhdudlaşdırılması yönündə aparılan maarifləndirici tədbirlər barədə danışmış, aparılan müzakirələri yüksək qiymətləndirmişdir.

Dəyirmi Masada Rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri, müəllimlər, bir sıra orta məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri, habelə QHT VƏ KİV təmsilçiləri də iştirak etmişdir. Tədbir zamanı bu sahədəki beynəlxalq təcrübə, mövcud qanunvericilik bazası, qanunların tələbləri ilə bağlı maarifləndirmə işləri ilə yanaşı imperativ mexanizmlərin tətbiqi məsələləri birgə müzakirə edilmişdir.

Qeyd edək ki, layihə çərçivəsində növbəti həftələrdə Salyan və Yevlax rayonlarında da Dəyirmi masaların keçirilməsi nəzərdə tutulmuşdur.