Uşaq əməyindən qeyri-qanuni istifadə halları azalıb

Posted by

Uşaq əməyindən qeyri-qanuni istifadə halları azalıb

Uşaq əməyindən qeyri-qanuni istifadə halları azalıbUşaq əməyindən qeyri-qanuni istifadə halları azalıb

Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova rəhbərlik etdikləri dövlət qurumları arasında “Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində Birgə Tədbirlər Planı”nı (2013-2015-ci illər) imzalayıblar.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, planın imzalanması mərasimində nazir Füzuli Ələkbərov Azərbaycanın milli qanunvericiliyinin uşaq əməyinə münasibətdə ümumbəşəri norma və prinsipləri özündə əks etdirdiyini qeyd edərək, uşaq əməyi ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi sahəsində görülən işlərdən, əldə olunan nəticələrdən söz açıb. Qeyd olunub ki, görülən tədbirlərin müsbət nəticəsi kimi, uşaq əməyindən qeyri-qanuni istifadə hallarının sayı ilbəil azalaraq, 2012-ci ildə 5 hal, cari ilin birinci yarısında isə 3 hal təşkil edib. F.Ələkbərov bildirib ki, hələ ötən ilin yanvarında ölkədə sosial tərəfdaşlar arasında Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şura yaradılıb. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən birgə fəaliyyət planı hazırlanıb və yaxın günlərdə təsdiq ediləcək.

Qeyd olunub ki, hazırda imzalanan sənəddə əksini tapan tədbirlər yalnız iki dövlət qurumu arasında deyil, digər aidiyyatı dövlət və qeyri-hökumət təşkilatlarının cəlb olunması ilə həyata keçiriləcək. Avropa İttifaqının Tvinninq Layihəsi çərçivəsində hazırlanmış Tədbirlər Planı bu mötəbər beynəlxalq təşkilatın daha bir aktual sahədə – uşaq əməyinin istismarının qarşısının alınması sahəsində Azərbaycana verdiyi dəstəkdir. Plan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Tvinninq layihələri çərçivəsində keçən ilin iyun ayında “Uşaq əməyi” mövzusunda keçirdikləri dəyirmi masada əldə olunan razılaşmaya uyğun hazırlanıb.