Türkiyənin Qazi Universitetində “Sönməyən atəş – Xocalı” adlı konfrans keçirilib
Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyinin təşkil etdiyi silsilə tədbirlər planı çərçivəsində bu gün Türkiyənin nüfuzlu universitetlərindən biri olan Qazi Universitetində qeyd olunan universitetlə birgə “Sönməyən atəş – Xocalı” adlı geniştərkibli konfrans keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Qazi Universitetinin rektoru prof. dr. Süleyman Büyükberber başda olmaqla universitetin professor və müəllim heyəti, çox sayda ictimai-siyasi xadim, Böyük Birlik Partiyasının sədri Mustafa Destici, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Ankarada təhsil alan tələbələrimiz və diaspor nümayəndələrimizlə yanaşı, çox sayda KİV nümayəndələri iştirak ediblər.
Geniştərkibli tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və iki qardaş ölkənin himnlərinin səsləndirilməsindən sonra başlayıb. Tədbirdə Qazi Universitetinin Tələbə İctimai Birliyinin sədri Kubilay Yıldırım, universitetin rektoru S.Büyükberber, Giresun Universitetinin rektoru, həmvətənimiz prof. dr. Aygün Attar, səfir Faiq Bağırov, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri prof. dr. Necdet Ünüvar və millət vəkili Qənirə Paşayeva çıxış edərək Xocalı soyqırımı haqqında auditoriyaya əsaslı məlumatlar verib, ölkəmizə qarşı tarix boyu davam edən erməni təcavüzünün gerçək mahiyyətindən söz açıblar.
Çıxışların ardından Qazi Universitetinin İncəsənət fakültəsi tərəfindən hazırlanmış sənədli film nümayiş etdirilib. Sənədli film Xocalı soyqırımı qurbanlarının yaxınlarından alınan müsahibələri və Qubada 20-ci əsrin əvvəllərində soydaşlarımıza qarşı ermənilər tərəfindən törədilmiş vəhşiliklərlə bağlı həqiqətləri ehtiva edib.
Tədbir çərçivəsində xalqımıza qarşı erməni düşmənçiliyi ilə bağlı həqiqətləri anladan təbliğat xarakterli materiallar konfrans iştirakçılarına paylanılıb.
Qeyd edək ki, Qazi Universitetində təşkil edilən tədbir çərçivəsində universitetin həyətində, həmçinin Xocalı soyqırımı ilə bağlı sərgi, Azərbaycan Dialoq və Qardaşlıq Dərnəyi (ADKADER) ilə birgə “flashmob” aksiyası keçirilib.
Trend.az