Türkiyəli millət vəkili ƏƏSMN rəsmiləri ilə görüşüb
Türkiyədə fəaliyyət göstərən “Geleceğin Eğitimi Derneği”nin (“Gələcəyin Təhsili Dərnəyi”) sədri, Türkiyə Böyük Millət Məclisinin üzvü xanım Nimet Baş və dərnəyin üzvləri Azərbaycana səfərləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) olublar.
ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, dərnəyin sədri və üzvləri ilə keçirilən görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli ölkəmizdə əmək və sosial müdafiə sisteminin təkmiləşdirilməsi yönündə aparılan islahatlar barədə məlumat verib. Nazir müavini islahatlar prosesində beynəlxalq əməkdaşlığa, qabaqcıl təcrübələrin öyrənilməsinə xüsusi önəm verildiyini qeyd edib.
N.Baş “Geleceğin Eğitimi Derneği”nin fəaliyyətinin təhsilin inkişafı ilə bağlı milli və qlobal səviyyədə aktual problemlərin həllinə, təhsil sisteminin təkmilləşdirilməsi ilə bağlı bilik, təcrübə, model və analizlərin mübadiləsinə yönəldiyini bildirib.
Görüşdə ƏƏSMN-nin fəaliyyət dairəsinə aid müvafiq sahələrdə, o cümlədən peşə təlimi və peşəyönümü işinin təşkili, sosial sifarişlər əsasında fəaliyyət göstərən sosial işçilərin təlim vasitəsilə peşəkarlığının artırılması sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Habelə sosial xidmət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və yeni strategiyanın hazırlanması, tənha ahıl və əlil insanlara, sağlamlıq imkanları məhdud uşaqlara göstərilən sosial xidmətlərin Türkiyədə mövcud olan modellərinin öyrənilməsi və s. sahələrdə əməkdaşlığın mümkünlüyü məsələləri müzakirə olunub.
Qeyd edək ki, “Geleceğin Eğitimi Derneği”nin nümayəndələrinin ölkəmizə səfəri Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı ofisi tərəfindən kənd təsərrüfatı, turizm, institusional infrastrukturun inkişaf etdirilməsi, iqtisadi, sosial və mədəni sahələr üzrə əməkdaşlıq və yardım göstərilməsi məqsədilə təşkil edilib.
Trend.az