Türkiyəli dövlət qulluqçuları Azərbaycanda səfərdədirlər

Posted by

Türkiyəli dövlət qulluqçuları Azərbaycanda səfərdədirlərTürkiyəli dövlət qulluqçuları Azərbaycanda səfərdədirlər

Türkiyəli dövlət qulluqçuları Azərbaycanda səfərdədirlər

Türkiyənin 5 dövlət orqanını təmsil edən 10 nəfər dövlət qulluqçusundan ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan AzərTAc-a bildirilib ki, nümayəndə heyətinə Türkiyənin Dövlət Kadrlar İdarəsinin, Ədliyyə Nazirliyinin, Əmək və Sosial Müdafiə Nazirliyinin, Maliyyə Nazirliyinin və Sosial Müdafiə Qurumu İdarəsinin təmsilçiləri daxildir.

Səfərin məqsədi 2014-cü il yanvarın 23-də Bakıda imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı”na əsasən hər iki ölkənin dövlət orqanları arasında təcrübə mübadiləsinin aparılmasıdır.

Səfər çərçivəsində avqustun 25-də türkiyəli dövlət qulluqçuları üçün Azərbaycanın dövlət qulluğu sistemi və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti barədə təqdimatlar olub.

Komissiyanın sədri Bəhram Xəlilov tədbirdə çıxış edərək Türkiyə və Azərbaycan xalqlarının qardaşlıq münasibətlərinin olduğunu, dövlətlərimiz arasındakı əlaqələrin strateji xarakter daşıdığını bildirib. Qeyd edib ki, bu, türkiyəli dövlət qulluqçularının təcrübə mübadiləsi məqsədi ilə Azərbaycana təşkil olunan altıncı səfəridir. Qarşılıqlı səfərlər iki ölkə arasında dövlət qulluğu sahəsində əlaqələrin daha da dərinləşməsinə xidmət edir.

Türkiyənin Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Namik Ata dövlətlərimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin örnək olduğunu vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri, Dövlət Kadrlar İdarəsinin şöbə müdiri çıxış edərək qarşılıqlı səfərlərin hər iki ölkənin dövlət qulluqçuları üçün faydalı olduğunu qeyd edib.

Sonra Komissiyanın əməkdaşları Azərbaycanda dövlət qulluğu sistemi, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti və dövlət qulluğuna qəbul, dövlət qulluğuna dair qanunvericilik, etik davranış qaydaları mövzularında təqdimatla çıxış ediblər.

Avqustun 29-dək davam edəcək səfər çərçivəsində qonaqlar üçün Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Bakı Apelyasiya Məhkəməsinin, Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətlərini əks etdirən təqdimatlar ediləcək. Nümayəndə heyəti həmin dövlət orqanlarının fəaliyyəti ilə əyani tanış olacaq.

 

 

AzərTac.az