Türkiyədə keçirilən son parlament seçkiləri yeni bir dövrün başlanğıcıdır. Ümumiyyətlə hər bir seçkilər ölkənin həyatına təsirsiz ötüşmür. İyunun 7-də keçirilən parlament seçkiləri də əslində qardaş ölkənin gələcəyini təyin edəcək əhəmiyyətə malikdir.Belə ki,bu seçkinin nəticəsi eyni zamanda konstitusiya və dövlət idarəçilik sisteminə keçidini müəyyənləşdirəcək.
Seçkilərdən əvvələ nəzər salaq. Əslində bu parlament seçkilərində bir məqam diqqətdən kənarda qalmır.Baş nazir və partiya lideri funksiyasını yerinə yetirməli olan Davudoğlu seçki marafonunun əvvəlində də Ərdoğanın kölgəsindən çıxa bilmirdi və ya çıxmaq istəmirdi.Lakin bu yamsılama cəmiyyətdə birmənalı qarşılamadı.AKP,prezident olmasına rəğmən Ərdoğanı irəli çəkdi.30 mart Bələdiyyə seçkilərində olduğu kimi ,parlament seçkilərində də seçki marafonunun 2-ci yarısından başlayaraq Ərdoğanın liderliyi və xarizması üzərində quruldu. Baxmayaraq ki, o prezidentdir və siyasi seçki proseslərində bir partiya təmsilçisi kimi iştirakı düz deyil.Əslində bütün bu olanlar gerçəkləri ortaya qoyur. Türkiyənin son illərlə yaşadığı iqtisadi inkişafdakı yavaşlamanın fonunda AKP bu gün Ərdoğanla onun xarizması və liderlik keyfiyyətləri ilə güclüdür və o olmasa bu partiyanın seçkidən qalib çıxmaq şansı çox aşağıdır.Bu həmdə onu göstərir ki partiyada bir lider boşluğu var və bu indi olmasa da, gələcəkdə ciddi problemlərə yol aça bilər.
Və nəhayət ötən bazar günü Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə Ədalət və İnkişaf Partiyası (AKP) 41 faiz səs topladı. Amma AKP rəqiblərini üstələməsinə baxmayaraq, təkbaşına höküməti formalaşdırmaq üçün yetərli səs toplaya bilmədi. Türkiyə xalqının heç bir partiyaya iqtidar vizası verməməsi və seçki prosesində yaşanan mübarizə və müzakirələr qardaş ölkədə hökumətin formalaşmasını çətin duruma saldı. Lakin ötən gün partiya liderlərinin səsləndirdikləri bəyanatlar ümid etməyə əsas verir ki, nə qədər ziddiyyətli yanaşmalar olsa belə, mürəkkəb geosiyasi şəraitdə Türkiyə hökumətsiz qalmayacaq.
AKP-nin siyasi səhnəyə gəlişi və təkbaşına hökumət formalaşdırmaq hüququ qazanmasının son 13 ildə politoloqlar tərəfindən ən çox müzakirə edilən siyasi fenomenlərdən biri olması heç kimə sirr deyil. 2002-ci ildə AKP-nin seçkilərdə zəfəri dünya mətbuatında geniş işıqlandırılmış və gənc partiyanın qalibiyyətinin səbəbləri ətrafında maraqlı müzakirələrin aparılmasına, təkan vermişdi. Həmin il 550 millət vəkili yeri uğrunda gedən mübarizədə 311 yerə sahib çıxması AKP-yə təkbaşına iqtidar partiyası olmaq şansı vermişdi. 2007-ci il parlament seçkilərində isə AKP-nin millət vəkili sayını 341-ə çatdırması iqtidar partiyasının böyük zəfəri kimi qiymətləndirilmişdi. Təkbaşına hökumət formalaşdırmaq imkanının da olması AKP-yə Türkiyə üçün önəmli olan siyasi və iqtisadi sabitliyi təmin etməklə bərabər, ölkənin bir sıra önəmli uğurlara imza atmasına da şərait yaratmışdı. Beynəlxalq maliyyə təşkilatlarına ən çox borcları olan dövlətlər siyahısında yer almış Türkiyə AKP-nin həyata keçirdiyi islahatlar nəticəsində borc verən və xarici ölkələrə kapital yatıran ölkə halına gəlmişdir.Amma ötən bazar günü keçirilmiş seçkilər AKP-nin siyasi liderliyini təsdiqləsə də, hökuməti təkbaşına formalaşdırmaq imkanı vermədi. Ötən seçkilərlə müqayisədə, təqribən, 10 faiz az səs toplamaqla, AKP iqtidar partiyası olmaq şansını qaçırdı. Türkiyə Konstitusiyasına görə, təkbaşına hökümət formalaşdırmaq üçün seçkilərə qatılmış partiya 276 millət vəkili yerinə sahib çıxmalıdır. Son seçkilərdə isə AKP parlamentdə cəmi 258 millət vəkili yeri qazandı. Bu isə o deməkdir ki, seçkilərin qalibi olan AKP hökuməti formalaşdırmaq üçün seçkilərdə daha çox səs toplamış Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Həkərat Partiyası (MHP) və Xalqların Demokratik Partiyası (HDP) ilə danışıqlara gedərək razılığa gəlməlidir. Amma son üç partiyanın seçki kampaniyalarını AKP-nin tənqidi üzərində qurması gələcək koalisiya hökumətinin formalaşdırılması məsələsini xeyli çətinləşdirir. Son 13 il ərzində partiyalararası münasibətlərdəki gərginlik koalisiyalı hökumətin qurulması perspektivinə kölgə salır.Bəs indiki halda AKP-nin daha çox hansı partiya ilə koalisiya hökuməti qurmaq şansı var? Türkiyə mətbuatında bu məsələ ətrafında geniş müzakirələr aparılır. Müxtəlif təhlil və proqnozlar verilir. Konstitusiyaya görə, hökumətin istefasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son seçkilərdə qalib gəlmiş partiya liderinə 63-cü hökuməti formalaşdırmaq səlahiyyəti verəcək. Bundan sonra belə bir səlahiyyət almış partiya lideri 45 gün ərzində hökuməti formalaşdırmalıdır. Bununla da yeni hökumətin qurulması ilə əlaqədar təqvim də başlamış olacaq. Ən çox səs toplayan AKP-nin lideri Əhməd Davudoğlu belə bir səlahiyyəti aldıqdan sonra CHP (25 %), MHP (16%) və HDP (13%) ilə koalisiya hökuməti formalaşdırmaq məqsədilə müzakirələrə başlayacaq. Ə.Davudoğlu ona verilən müddət ərzində koalisiya məsələsində razılıq əldə edə bilməsə, o zaman Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə parlamentinin sədri ilə müzakirələrdən sonra yeni seçkilərin keçirilməsi barədə qərar verəcək. Son seçkilərdən sonra yaranmış siyasi mənzərəni dəyərləndirən bir sıra politoloqlar da “Sandıqdan sandıq çıxdı” kəlməsinə yer verərək Türkiyə vətəndaşının yenidən seçki məntəqəsinə getməli olacağına ehyam vururlar.Ancaq ortadakı siyasi təzadlar partiyaların ortaq məxrəcə gəlməsinə maneələr yaradır. Məsələn, MHP HDP-nin olduğu hökumətdə yer almayacağını açıq şəkildə bildirir. HDP də AKP ilə birlikdə çalışmağı göz önünə almadığını açıqlayır. AKP-dən sonra ən çox səs toplamış CHP-nin də növbəti hökumətin qurulması ilə bağlı fərqli baxışları var. Siyasi müşahidəçilər deyirlər ki, növbəti hökumət CHP-nin liderliyində də qurula bilər, ancaq belə bir ehtimalın gerçəkləşməsi üçün MHP ilə HDP-nin koalisiyaya qatılması lazımdır. Adı çəkilən son iki partiyanın isə ortaq işbirliyi qurması real görünmür. Məclisə 80 millət vəkili keçirən MHP-nin isə liderliyinə AKP-nin razılıq verəcəyi real görünmür. Daha az səs toplamış partiyaların dəstəyilə formalaşdırılacaq hökumətin zəif olacağına görə AKP-nin bu varianta da “yox” deyəcəyi vurğulanır.
Amma ötən gün CHP və MHP liderlərinin səsləndirdikləri bəyanatların koalisiya hökuməti barədə ehtiyatlı nikbinlik atmosferi formalaşdırdığı bildirilir. Belə ki, CHP lideri Kamal Kılıçdaroğlunun seçki nəticələrinin üç müxalifət partiyasına xüsusi məsuliyyət yüklədiyini vurğulayaraq, “Ölkəni hökumətsiz buraxmaq seçiciyə hörmətsizlik olar” – deməsi cümhuriyyətçilərin koalisiya hökuməti barədə müzakirələrə açıq olduqlarını təsdiqlədi. Bundan başqa, Kılıçdaroğlunun yeni seçkilərə getməyin səhv olacağı barədə açıqlama verməsi CHP-nin AKP ilə koalisiya məsələsində dialoqa hazır olduğuna ehyam vurması kimi qiymətləndirilir. MHP də koalisiya məsələsində qapıların tam bağlanmadığını açıqlayır. Seçkiləri 3-cü yerdə başa vurmağı bacaran MHP ölkənin siyasi xaosa sürüklənməməsi, iqtisadi böhran yaşanmaması üçün “qırmızı cizgilər”i qorumaq şərtilə koalisiya ətrafında danışıqlara hazır olduğunu bildirdi. 10 faizlik baryeri aşmağı və parlamentə 80 millət vəkili keçirməyi bacaran HDP-nin həmsədri Səlahəddin Dəmirtaş da koalisiya ətrafında müzakirələrə qatılmağa hazır olduqlarını açıqladı. S.Dəmirtaşın “Koalisiyada hansı partiyalar təmsil olunmalıdır?” sualına verdiyi “CHP Türkiyəni hökümətsiz buraxmamaq məqsədilə formalaşacaq bir koalisiya ehtimalını dəyərləndirməli və məsuliyyətdən qaçmamalıdır” — deyə cavab verməsi HDP-nin CHP liderliyində danışıqlara açıq olduğunu təsdiqlədi.Bir sözlə, Türkiyə uzun və mürəkkəb danışıqlar dövrünə qədəm qoyur. Kəskin fərqlənən baxışlarda ortaq məxrəcə gəlməyin çox çətin olacağı hamıya məlumdur. Xüsusilə də Türkiyənin prezidentlik idarəçiliyi üsuluna keçirilməsinə yönəlmiş konstitusiya islahatları ətrafında fikir ayrılığının danışıqlarda ciddi maneəyə çevriləcəyi ehtimal olunur. Konstitusiya islahatlarına start vermək üçün AKP-yə minumum 330 yer lazımdır. Ancaq CHP, MHP və HDP-nin parlament idarəçiliyinə üstünlük vermələrini nəzərə alsaq, o zaman bu məsələ barədə danışıqların nəticəsiz yekunlaşacağı daha real görünür.Bununla belə, seçkilərə qatılmış bütün partiya liderlərinin Türkiyədə hökumətin qısa zaman kəsiyində qurulmasının vacib olduğunu vurğulamaları qardaş ölkənin siyasi böhranla üzləşməyəcəyinə olan ümidləri artırır. Buna görə də, Türkiyənin siyasi elitasının son 13 ildə qazanılmış iqtisadi-siyasi uğurlarına kölgə sala biləcək durumun astanasına yaxınlaşmaması ölkənin gələcək inkişafı üçün böyük önəm daşıyacaq.
Türkiyədə keçirilən seçkilərin nəticəsindən asılı olmayaraq mən belə düşünürəm ki,Azərbaycana olan münasibət bir mənalıdır.Heydər Əliyevin də bildirdiyi kimi biz 1 millət 2 dövlətik və bu səbəblə də dövlətin atdığı addım yanlış olarsa belə xalq öz sözünü deyəcəkdir.
Nuray Həsənli
Qərb Universiteti
Politologiya Fakültəsinin 3-cü kurs tələbəsi