Türkiyə XİN Ermənistanın Azərbaycana ağır silahlarla hücumunu qınayıb

Posted by

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) bu il fevralın 24-dən 25-ə keçən gecə təmas xəttində Ermənistanın Azərbaycana qarşı ağır silahlarla hücumunu qınayıb.

Türkiyə XİN-dən APA-ya daxil olan məlumatda şəhidlərə Allahdan rəhmət dilənib, ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı verilib, yaralılara şəfa istənilib.

“Ermənistan uzun illərdir, Azərbaycan torpaqlarının 1/5-ni işğal altında saxlayır. 2016-cı ilin aprel ayında təmas xəttində və Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində yaşanan şiddətli qarşıdurmaların təkrar yaşanmaması üçün Ermənistanı atəşkəsə riayət etməyə və işğala son verməyə dəvət edirik”, – deyə bəyanatda bildirilir.

Bəyanatda o da qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk 1rupunun üzvü olan Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli və daimi həllini dəstəkləməyə davam edəcək. Türkiyə, həmçinin, Minsk qrupunun münaqişənin həlli yönündəki cəhdlərinin sürətləndirlməsinin vacibliyini də qeyd edib.

Xəbərə görə, Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu cəbhədə baş vermiş son insidentlə bağlı azərbaycanlı həmkarlı Elmar Məmmədyarovla telefonla danışaraq ətraflı məlumat alıb.

Apa.az