Türkiyə məscidlərində Qazi Qarabağ azanının təqdimatı keçirilib
Fevralın 26-da Xocalı soyqırımının anım günü Ankara şəhərində Türkiyənin böyük tarixi ibadət evlərindən biri olan Hacı Bayram Vəli məscidində Qazi Qarabağ azanının təqdimat mərasimi keçirilmişdir.
Təqdimatda Azərbaycandan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Türkiyə tərəfdən Diyanət İşləri başqanının müavini Hasan Kamil Yılmaz iştirak etmişlər. Bu barədə Trend-ə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirə Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri, bu şəhərdə təhsil alan azərbaycanlı tələbələr və yüzlərlə yerli dindar qatılmışdır. Qeyd edilməlidir ki, yüz illər ərzində formalaşmış dini ənənələri və Diyanət İşləri Başqanlığı kimi nüfuzlu dini qurumu olan Türkiyənin məscidlərində başqa bir ölkədən gətirilmiş azanın oxudulması və xüsusi olaraq onun təqdimatının keçirilməsi ilk dəfədir.
Təqdimat mərasimində çıxış edən G.İsmayılov bildirmişdir ki, bu gün “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə əksər müsəlman ölkələrinin məscidlərində Qazi Qarabağ azanı səsləndirilir və tarixi Hacı Bayram Vəli məscidindəki təqdimat da həmin tədbirlərdən biridir.
İşğal edilənə qədər Ağdam və Şuşa Cümə məscidlərində oxudulmuş Qazi Qarabağ azanının 20 ildən sonra ilk dəfə 2013-cü ildə dini icmaların təşəbbüsü və Dövlət Komitəsinin dəstəyi ilə bərpa olunduğunu önə çəkən G.İsmayılov qeyd etmişdir ki, bu azanın Xocalı soyqırımının anım günündə müsəlman ölkələrinin məscidlərində səsləndirilməsi təşəbbüsünü ilk gündən Diyanət İşləri Başqanlığı dəstəkləmişdir.
Dövlət Komitəsinin nümayəndəsi bildirmişdir ki, Türkiyədəki məscidlərdə Xocalı soyqırımı ilə bağlı xütbə oxunması və Qazi Qarabağ azanının səsləndirilməsi təkcə qardaşlığımızın və həmrəyliyimizin deyil, həm də haqq və ədalətsevər Anadolu insanının bu dəyərlərə həmişə olduğu kimi, bu gün də sadiq qalmasının və Xocalıya ədalət tələb etməsinin göstəricisidir.
H.K.Yılmaz isə öz növbəsində Xocalı soyqırımı ilə bağlı Diyanət İşləri Başqanlığı tərəfindən həyata keçirilmiş və gələcəkdə planlaşdırılan tədbirlər barədə geniş məlumat vermişdir. Diyanət İşləri Başqanlığının rəsmisi qeyd etmişdir ki, ötən il olduğu kimi, bu il də Xocalı soyqırımının ildönümü ərəfəsində, 21 fevralda Türkiyənin bütün mərkəzi məscidlərində soyqırımının qurbanları anılmış və bu barədə xüsusi vaaz (dini məzmunlu çıxış) verilmişdir.
Bunun artıq ənənə halını aldığını deyən H.K.Yılmaz bildirmişdir ki, 26 fevralda Qazi Qarabağ azanının təqdimatı Hacı Bayram Vəli məscidi ilə yanaşı, İstanbulda Türkiyənin tarixi məscidlərindən biri olan Eyyub Sultan məscidində və İğdırın mərkəzi məscidində də təşkil edilmişdir. Məqsəd isə Xocalı soyqırımını və Qazi Qarabağ azanını Türkiyədə dindar kəsimə tanıtmaqdır. Qazi Qarabağ azanının yenidən işğal olunmuş Azərbaycan torpaqlarında yenidən səsləndirilməsi təkcə Azərbaycanın deyil eyni zamanda Türkiyənin də mühüm və zəruri vəzifələrindəndir.
Çıxışlardan sonra Qazi Qarabağ azanı səsləndirilmiş və namaz qılınmışdır. Mərasimdə şəhidlərin ruhuna və işğal olunmuş torpaqların tezliklə azad edilməsi üçün birgə dualar oxunmuşdur.
Qeyd edək ki, təqdimat TRT Avaz telekanalında canlı olaraq yayımlanmışdır.
Trend.az