Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib

Posted by

Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilibTürkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib

Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Ramil Həsənov İstanbulda Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitədən AzərTAc-a bildirilib ki, görüşdə TDƏŞ-in Dövlət Komitəsi ilə əməkdaşlığı, Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyasından irəli gələn məsələlərin reallaşdırılması ilə bağlı müzakirələr aparılıb.

Görüşdə 2015-ci ildə qondarma “erməni soyqırımı”nın 100 illiyini qeyd etməyə hazırlaşan ermənilərin təbliğatına qarşı birgə fəaliyyət istiqamətlərinin gücləndirilməsi, həmçinin TDƏŞ-ə daxil olan ölkələrin diaspor təşkilatlarının əlaqələndirmə mərkəzlərinin açılması işinin sürətləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Türkdilli xalqların diaspor təşkilatlarının beynəlxalq arenada mövqeyini daha da gücləndirmək və fəaliyyət göstərdikləri ölkələrdə təsir dairəsini artırmaq məqsədilə nəzərdə tutulan bu mərkəzlər ABŞ, Fransa, Ukrayna və Almaniyada açılacaq. Ukraynada və Almaniyada Azərbaycanın dəstəyi ilə açılacaq əlaqələndirmə mərkəzlərinin artıq noyabrın sonu, dekabrın əvvəllərindən fəaliyyətə başlaması nəzərdə tutulub.

Ortaq fəaliyyət strategiyasında nəzərdə tutulduğu kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında şagird və tələbə mübadiləsinə dair işlərin reallaşdırılması məsələsi də görüşdə müzakirə edilib. Artıq Azərbaycanın və Türkiyənin yaxın vaxtlarda qarşılıqlı olaraq bu istiqamətdə fəaliyyətə başlayacağı bildirilib.

Söhbət zamanı, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin tətbiq etdiyi videokonfrans sisteminin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətində tətbiq olunması, gələcəkdə üzv ölkələrlə onlayn konfrans və toplantıların keçirilməsi qərara alınıb.

 

AzərTac.az