Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fonduna 3,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub
Ətraf mühitin istifadəsi sahəsində dövlət nəzarəti çərçivəsində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 2995 akt və 774 protokol tərtib olunub və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün 1134 icrası məcburi göstəriş verilib.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2013-cü ildə fəaliyyətinə dair hesabatında bildirilib.
Hesabatda qeyd olunub ki, qanun pozuntularına yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 838 iş 5,5 milyon manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 569 iş üzrə 3,6 milyon manat məbləğində iddia qaldırılıb və bunun 2,1 milyon manatının ödənilməsi təmin edilib. Əmələ gələn tullantıların ətraf mühitə (torpaq, su, atmosfer) atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə idarə və müəssisələrə 5382 iş üzrə 1,1 milyon manat məbləğində ödəmə tətbiq edilib və onun 944,1 min manatının ödənilməsi təmin olunub. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilən 293 işdən 53-nə icra qruplarına göndərilən 470 işdən 282-nə, məhkəmələrə göndərilən 160 işdən 98-nə baxılaraq müvafiq tədbirlər görülüb.
Ümumilikdə görülmüş tədbirlər nəticəsində Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fonduna 3,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Apa.az