Ötən il “Təhlükəsiz şəhər” videomüşahidə sistemi vasitəsilə 105 cinayətin üstü açılıb
2013-cü ildə “Təhlükəsiz şəhər” avtomatlaşdırılmış idarəetmə sisteminin inkişaf etdirilməsinə dövlət büdcəsindən bütövlükdə 23,6 milyon manat vəsait ayrılıb. Layihə çərçivəsində Bakı şəhərində 1309 nöqtədə 3490 kamera quraşdırılaraq istifadəyə verilib, Bakı Metropoliteni də daxil olmaqla, respublikanın ayrı-ayrı şəhərlərində və magistral yollarında ümumilikdə 1779 nöqtə üzrə 6918 (1320 hərəkətli, 5598 sabit) kamera “Təhlükəsiz şəhər” avtomatlaşdırılmış idarəetmə sisteminə qoşulub. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub.
2012-ci illə müqayisədə hesabat dövründə sistemin videomüşahidə vasitələrinin tətbiqi ilə aşkarlanmış hadisələrin sayı 25 faiz artıb. Nəticədə 105 cinayətin üstü açılıb, 8401 yol-nəqliyyat hadisəsi (111-i piyadaların vurulması), ictimai asayişin pozulması ilə bağlı 328 fakt, 11 avtoxuliqanlıq, 74 yanğın hadisəsi və s. müəyyən edilib.
“Nömrətanıma” Sistemi vasitəsilə axtarışda olan 149 nəqliyyat vasitəsi müəyyənləşdirilib, onlardan 121-i, həmçinin üzərində oğurlanmış dövlət qeydiyyat nişanı olan 19 avtomobil saxlanılıb.
Trend.az