Ötən il DİN-in “102” xidmətinə 13 mindən çox cinayət xarakterli məlumat daxil olub
2013-cü ildə Daxili İşlər Nazirliyinin “102” Xidməti – Zəng Mərkəzi sisteminə 216 minə yaxın, o cümlədən 13 mindən çox cinayət xarakterli məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu əsasda 300-dək ağır və xüsusilə ağır cinayət “isti izlərlə” açılıb, minlərlə şəxsə hüquqi yardım göstərilib, zəruri izahlar verilib.
Polis əməkdaşları tərəfindən qanunçuluğun pozulması, vəzifə səlahiyyətlərinin lazımi qaydada icra edilməməsi barədə bütün şikayətlər operativ və obyektiv araşdırılıb, adekvat intizam tədbirləri görülüb.
Baş Dövlət Yol Polisi İdarəsində də şikayətlərin qəbulunu həyata keçirən “Qaynar xətt” xidməti yaradılıb. Bununla əlaqədar vətəndaşlar həmin qurumun əməkdaşlarının qanunsuz hərəkətləri barədə “102” xidməti ilə yanaşı “902” telefon nömrəsinə də məlumat verə bilərlər.
DİN bildirir ki, hər bir müraciət üzrə dərhal və qısa müddətdə qanunauyğun tədbirlərin görülməsi, qarşılaşılan və ya şahidi olunan neqativ halların hərtərəfli və obyektiv araşdırılması təmin ediləcək.
Trend.az