Ötən il Azərbaycana 2,3 milyona yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxsin girişi qeydə alınıb

Posted by

Ötən il Azərbaycana 2,3 milyona yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxsin girişi qeydə alınıbÖtən il Azərbaycana 2,3 milyona yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxsin girişi qeydə alınıb

Ötən il Azərbaycana 2,3 milyona yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxsin girişi qeydə alınıb

Bu gün Dövlət Miqrasiya Xidmətində (DMX) 2014-cü ilin yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib.

 

DMX-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xidmətin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasına uyğun olaraq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan nailiyyətlərə diqqət çəkib. Ötən il miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində görülən işlərin, Xidmət əməkdaşlarının təltif olunması, DMX üçün yeni inzibati binanın tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının kollektivdə böyük ruh yüksəkliyi ilə qarşılandığını xüsusi vurğulayıb. Bildirib ki, 2014-cü il ümumiyyətlə respublikamız üçün iqtisadi yüksəliş üzərində formalaşan möhkəm ictimai-siyasi sabitlik, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, xarici ölkələrlə əlaqələrinin genişləndirilməsi baxımından ən uğurlu illərdən olub.

 

Əcnəbilər üçün cəlbedici ölkəyə çevrilən Azərbaycan son illər miqrasiya baxımından mənşə ölkədən tranzit və təyinat ölkəyə çevrilib. Ötən il respublikamızın sərhəd buraxılış məntəqələrində 2.269.015 əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəyə girişinin qeydə alınması deyilən fikrin əyani nümunəsidir. Ölkədə qalma müddətinə müvafiq olaraq onlardan 823.620 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb. Qeydiyyat üçün müraciət edənlərin sayındakı artım həm də maarifləndirmə işlərinin nəticəsi kimi qiymətləndirilib.

 

F.Nəbiyev vurğulayıb ki, hesabat dövründə Xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 91.003 şəxs tərəfindən müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Belə ki, müraciətləri əsasında 51.366 əcnəbi və vətəndaşlığı olmayan şəxsə və onunla birlikdə immiqrasiya edən 18 yaşına çatmamış övladlarına Azərbaycan Respublikasında müvəqqəti və 1.859 nəfərə daimi yaşama icazələri verilib, 755 şəxsin müvəqqəti olma müddəti uzadılıb.

 

F.Nəbiyev bildirib ki, əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də kadr işinin düzgün təşkili və daha da təkmilləşdirilməsi, kadrların seçilib yerləşdirilməsi, vəzifədə irəli çəkilməsi, onların fəaliyyətlərinin qiymətləndirilməsi kimi mühüm məsələlərdə obyektiv meyarlara əsaslanan qaydaların müəyyənləşdirilməsi və prinsipiallığın artırılması, şəffaf prosedurlar əsasında miqrasiya orqanlarına qulluğa qəbulun həyata keçirilməsi yolu ilə kadr korpusunun layiqli gənc mütəxəssislər hesabına mütəmadi olaraq yenidən komplektləşdirilməsi, onların müasir tələblər səviyyəsində peşə hazırlığını təmin edəcək şəraitin formalaşdırılması məqsədilə bir sıra səmərəli tədbirlər həyata keçirilib. Belə ki, ötən il Dövlət Miqrasiya Xidmətinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə şəffaf şəraitdə təşkil etdiyi test imtahanlarından uğurla keçmiş namizədlər də daxil olmaqla, ümumi bilik səviyyələri, şəxsi keyfiyyətləri və təşkilatçılıq qabiliyyətlərinə malik olmaları nəzərə alınmaqla 98 nəfər miqrasiya orqanlarına qulluğa qəbul olunub, xidməti fəaliyyətlərində müsbət xarakterizə olunan 34 əməkdaş yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilib, yaxşı iş göstəricilərinə nail olan 132 əməkdaşın əməyi fərqləndirilib.

 

Xidmət rəisi F.Nəbiyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin 2015-ci ildə respublikamızın sosial-iqtisadi inkişafının təmin edilməsi, dünyadakı mövcud vəziyyətin təsirlərindən ölkəmizin müdafiəsi üçün konkret göstərişlər verdiyini xatırladıb. F.Nəbiyev bu vacib məsələlərin tənzimlənməsində DMX-nin də üzərinə ciddi vəzifələr düşdüyünü bildirib. Qanunvericiliklə qarşıya qoyulmuş vəzifələrin vaxtında və yüksək peşəkarlıqla yerinə yetirilməsinə dair tapşırıqlar verib. Əminlik ifadə edib ki, ölkə iqtisadiyyatının inkişafına töhfə vermək, dövlətimizin təhlükəsizliyi və daxili əmək bazarının qorunması kimi vəzifə və tapşırıqları Dövlət Miqrasiya Xidməti 2015-ci ildə də yüksək peşəkarlıqla icra etmək əzmindədir.

 

Müşavirədə müzakirə edilən məsələlərə dair müvafiq qərarlar qəbul edilib.

 

Trend.az