Təl-Əvivdə “Xocalıya ədalət” beynəlxalq kampaniyasını dəstəkləyən nümayiş olub
İsrailin erməni icması hər il olduğu kimi bu il də aprelin 24-də bu ölkənin paytaxtı Təl-Əvivin diplomatik rayonunda – Türkiyə Respublikasının səfirliyi qarşısında 1915-ci il hadisələrini soyqırımı kimi tanımayan İsrail Dövlətinin siyasəti əleyhinə etiraz nümayişi ilə qondarma “erməni soyqırımının” ildönümünü qeyd edir.
Demək olar, İsrail tarixində ilk dəfə bu ölkənin Azərbaycan icması 1915-ci hadisələrini tanımamaqda İsrail Dövlətini dəstəkləmək üçün nümayişə çıxıb. Aksiyada 100-dən çox adam iştirak edib. Aksiyanın təşkilatçıları Səadət Şükürova, Nissim Menahem, Anar Fərəcullayev, Arye Qut, Hafiz Rəhimov, Cəmil Məmmədov, Gülya Yusif məxsusi olaraq bu aksiya üçün Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımı aktının qorxunc səhifələrini əks etdirən posterlər, fotoşəkillər və plakatlar hazırlayıblar.
Üstünə “Justice for Khojaly” (“Xocalıya ədalət”) sözləri yazılmış futbolkalar geyinmiş tədbir iştirakçıları İsrail polisinin icazəsi ilə Təl-Əvivin diplomatik rayonunda küçəni bağlayaraq, Xocalıda kütləvi qırğının günahsız qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Nümayiş iştirakçıları erməni təcavüzkarlarını ifşa edən, Azərbaycan xalqına qarşı törədilən Xocalı qırğınını bəşəriyyətə qarşı cinayət kimi xarakterizə edən şüarlar səsləndiriblər.
İsrailin Azərbaycan icmasının nümayəndələri “Justice for Khojaly” sözləri yazılmış futbolkalarda Təl-Əvivin Xayarkon küçəsindən keçərək, sadə insanların diqqətini erməni faşistlərinin Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədikləri vəhşiliklərə və cinayətlərə cəlb ediblər.
Nümayiş iştirakçıları Heydər Əliyev Fondu tərəfindən ingilis dilində çap edilmiş Xocalı haqqında kitabçalar, habelə irəlicədən hazırlanmış, faciəli hadisələr və Xocalıda kütləvi qırğının təşkilatçıları haqqında ətraflı informasiyanın olduğu vərəqələr paylayıblar.
AzərTac.az