Təhsil naziri Mikayıl Cabbarov Salyan şəhərində vətəndaşları qəbul edəcək
Təhsil Nazirliyi Salyan, Neftçala, Hacıqabul, Kürdəmir və Biləsuvar rayonlarında yaşayan vətəndaşlara müraciət edib. Nazirlikdən APA-ya verilən məlumata görə, mayın 5-də təhsil naziri Mikayıl Cabbarov Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Salyan, Neftçala, Hacıqabul, Kürdəmir və Biləsuvar rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 29, 30 aprel və 1, 2 may tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya “Elektron müraciət” bölməsi vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırılan məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
Apa.az