Tehranda Azərbaycan-İran əlaqələri müzakirə edilib

Posted by

Tehranda Azərbaycan-İran əlaqələri müzakirə edilibTehranda Azərbaycan-İran əlaqələri müzakirə edilib

Tehranda Azərbaycan-İran əlaqələri müzakirə edilib

Sentyabrın 17-də İran İslam Respublikasının Prezidenti Həsən Ruhani bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri, Azərbaycan-İran hökumətlərarası müştərək iqtisadi komissiyanın həmsədri Şahin Mustafayevi qəbul edib.

Prezident Həsən Ruhani bildirib ki, rəsmi Tehran Bakı ilə münasibətlərinə üçüncü ölkənin müdaxiləsinə yol verməyəcək. İki ölkə arasındakı tarixi dostluq münasibətlərinə toxunan Həsən Ruhani deyib ki, qarşılıqlı əlaqələr iqtisadiyyat, siyasət və mədəniyyət sahələrində davam etdirilə bilər.

Terrorçuluğun region ölkələri üçün təhlükəli olduğunu bildirən İran Prezidenti qeyd edib ki, beynəlxalq terrorçuluq yoluxucu xəstəliyə bənzəyir. Əgər region dövlətləri terrorçuluğa qarşı mübarizədə birləşməsələr bu “xəstəlik” hər an ölkələrə yayıla bilər.

Şahin Mustafayev son vaxtlar Azərbaycan ilə İran arasında əlaqələrin çox genişləndiyini bildirib. Nazir deyib ki, Azərbaycan öz ərazisindən İrana qarşı hər hansı bir təhlükənin yaranmasına imkan verməyəcək.

Qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılan görüşdə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov və səfir Cavanşir Axundov da iştirak ediblər.

 

AzərTac.az