Ştefan Füle: Dağlıq Qarabağ münaqişəsinin həlli Aİ-nin xarici siyasətinin əsas prioritetlərindən biri olaraq qalır
Dağlıq Qarabağ münaqişəsinin həlli Avropa İttifaqının (Aİ) xarici siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Trend-in məlumatına görə, bunu Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle “The Business Year: Azerbaijan – 2014” jurnalına müsahibəsində bildirib.
Ş.Füle deyib ki, Aİ Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini dəstəkləməyə tam sadiq qalır: “Münaqişənin yalnız sülh və danışıqlar yolu ilə həlli bütün regiona təhlükəsiz və firavan gələcəyə doğru irəliləməyə şərait yaradacaq və Cənubi Qafqaz regionunun Avropa və Asiya arasında körpü kimi bütün potensialını ortaya çıxarmağa kömək edəcək. Aİ bu münaqişənin həllində konkret irəliləyişin olmamasından narahatdır. Biz bu kontekstdə Azərbaycan və Ermənistan prezidentlərinin ötən ilin noyabrında Vyanadakı görüşünü alqışladıq və ATƏT-in Minsk qrupunun həmsədrlərinin yüksək səviyyəli görüşlərin bərpasına yönəlmiş səylərindən razı qaldıq”.
Avropa komissarı bildirib ki, Aİ Azərbaycan və Ermənistanı ATƏT-in Minsk qrupu çərçivəsində hər iki ölkənin prezidentlərinin götürdükləri öhdəliklərə uyğun olaraq, Madrid prinsiplərinə dair razılığın əldə olunması istiqamətində səylərini artırmağa çağırıb: “Biz dəfələrlə ATƏT-in Minsk arupunun həmsədrlərinin fəaliyyətini tam dəstəklədiyimizi bildirmişik”.
Ş.Füle qeyd edib ki, təmas xətti və iki ölkə arasındakı sərhəd boyunca ciddi insidentlər və qarşıdurma ritorikası səbəbindən vəziyyətin gərginləşməsindən narahat olaraq, Aİ hər iki tərəfi atəşkəsə əməl etməyə, Minsk qrupu çərçivəsində götürdükləri öhdəlikləri yerinə yetirməyə və gərginliyi daha da artıracaq və sülh prosesini sarsıdacaq əməllərdən və bəyanatlardan çəkinməyə səsləyib.
Komissar həmçinin deyib ki, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı proqramına əsaslanır. İkitərəfli əlaqələrin hazırkı hüquqi çərçivəsini 1999-cu ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi təşkil edir: “Biz bu sazişdə diqqətimizi əsasən demokratikləşmə, iqtisadi inkişaf, beynəlxalq hüquq prinsipləri və insan hüquqları kimi bir sıra mühüm sahələrdə əməkdaşlığa yönəltmişik. Biz Assosiasiya Sazişini imzalayaraq bu hüquqi çərçivəni inkişaf etdirməkdə maraqlıyıq. Bu danışıqlara vaxt lazımdır”.
Onun sözlərinə görə, münasibətlərimizdə yenilənmiş və gücləndirilmiş hüquqi çərçivə insan haqlarının qorunması və demokratiyanın gücləndirilməsinə öz töhfəsini verəcək.
Ş.Füle qeyd edib: “Azərbaycanın coğrafi mövqeyini və ölkənin turizmi təşviq etmək və qeyri-neft sektorunu inkişaf etdirməkdə marağını nəzərə alaraq, biz aviasiya sazişinə dair danışıqları davam etdirməkdə və ya Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin təşviqi, Ələtdə Bakı Beynəlxalq Dəniz Limanı və “Silk Wind” layihəsinin həyata keçirilməsində maraqlıyıq”.
Trend.az