TASİM kabel magistralının tikintisi üzrə işlərin başlama tarixi açıqlanıb

Posted by

TASİM kabel magistralının tikintisi üzrə işlərin başlama tarixi açıqlanıb

 

 

TASİM kabel magistralının tikintisi üzrə işlərin başlama tarixi açıqlanıb

TASİM kabel magistralının tikintisi üzrə işlərin başlama tarixi açıqlanıb

 

Trans-Avrasiya Super İnformasiya Magistralının (TASİM) tikintisinin maliyyələşdirilməsi məsələləri və texniki işlər ilin ortalarınadək həll ediləcək. Trend-in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İstanbulda keçirilən (4-6 fevral) XVII Avrasiya İqtisadiyyat Sammitində çıxış edərkən deyib.

Onun sözlərinə görə, TASİM magistralının uzunluğu 11 min kilometr, şəbəkənin ilkin buraxılış qabiliyyəti isə 2 Tbit/saniyə təşkil edəcək ki, bu da Avrasiyanın Qərbi Avropadan Sakit okeanadək ölkələrinin mövcud ehtiyaclarını qarşılayacaq.

Ə.Abbasov bildirib: “Hesab edirik ki, TASİM layihəsi ilə bağlı sənədləşdirmənin hazırlanması üzrə maliyyələşdirmə, texniki və digər işlər 2014-cü ilin ortalarınadək öz həllini tapacaq. Hazırda konsorsiumun katibliyi və TASİM ofisi Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir”.

Nazir qeyd edib ki, 2013-cü il TASİM layihəsi üçün əlamətdar olub. Ötən ilin dekabr ayında Bakıda keçirilmiş “BakuteT 2013” 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransı çərçivəsində TASİM konsorsiumunun yaradılması üzrə qarşılıqlı memorandum imzalandı.

Hazırda TASİM layihəsinə Rusiya (operator “Rostelekom”), Qazaxıstan (“KazTransKom”), Türkiyə (“TurkTelecom”), Çin (“ChinaTelecom”) cəlb edilib. Azərbaycan layihədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi ilə təmsil olunub.

Bundan başqa, ötən ilin sentyabrında BMT Baş Assambleyası Azərbaycanın Avrasiya alyansının (Eurasian Connectivity Alliance – EuraCA) yaradılması və TASİM informasiya magistralının tikintisi üzrə təşəbbüsünü dəstəkləyən qətnamə qəbul etmişdi.

Nazir hesab edir ki, belə alyansın yaradılması genişzolaqlı internetin və onunla bağlı xidmətlərin genişləndirilməsi ilə yanaşı, açıq informasiya cəmiyyətlərinin formalaşdırılmasına, İKT sahəsində elm tutumlu sahələrin yaradılmasına, regionda iqtisadiyyatın şaxələndirilməsinə müsbət təsir edəcək.

Ə.Abbasov vurğulayıb: “Hesab edirik ki, EuraCA Avrasiya regionunda konstruktiv müzakirə və mövcud problemlərin həlli üçün önəmli platformaya çevriləcək. EuraCA-in əsas məqsədi şəbəkə infrastrukturunun genişləndirilməsi, keyfiyyətli qoşulmanın təmin edilməsi və TASİM layihəsinin reallaşdırılması prosesinin sürətləndirilməsidir”.

 

Trend.az