Tarix İnstitutunun elmi işçiləri attestasiyadan keçiriləcək
Aprelin 4-dən 25-dək Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işçiləri attestasiyadan keçiriləcək.
İnstitutdan Trend-ə verilən məlumata görə, bu gün növbəti Elmi Şura keçirilib. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən toplantıda elmi işçilərin attestasiyası ilə bağlı məsələ müzakirə olunub.
Şurada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 16 iyul tarixli 181 saylı “Azərbaycan Respublikasında elmi işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na əsaslanaraq AMEA Rəyasət Heyətinin qəbul etdiyi 2013-cü il 25 dekabr tarixli 25/4 saylı qərarına uyğun olaraq AMEA Tarix İnstitutunda çalışan elmi işçilərin attestasiyasının keçirilməsi üçün komissiya yaradılıb.
Elmi işçilərin attestasiyası zamanı onların 2009-2013-cü illərdəki elmi fəaliyyətlərinin nəticələri əsas götürüləcək.
Trend.az