Tarix İnstitutu Məhəmməd Əmin Rəsulzadənin məzarının Azərbaycana gətirilməsi məsələsinə münasibət bildirib
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu Məhəmməd Əmin Rəsulzadənin məzarının Azərbaycana gətirilməsi məsələsinə münasibət bildirib.
Trend-in məlumatına görə, institutun direktoru Yaqub Mahmudov jurnalistlərə bildirib ki, bu, dövlət əhəmiyyətli məsələdir: “Xaricdə dəfn olunmuş Azərbaycanın əhəmiyyətli dövlət adamlarının məzarlarının ölkəmizə gətirilməsi məsələsi hər zaman qaldırılır. Vaxtilə Məhəmməd Füzilinin qəbrinin Azərbaycana gətirilməsi məsələsi də qaldırılmışdı. Amma bu, dövlətlərarası danışıq məsələsidir”.
Y.Mahmudov deyib ki, ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, Türkiyə ilə Azərbaycan bir millət iki dövlətdir: “Məhəmməd Əmin Rəsulzadənin də ömür yolunun çox hissəsi Türkiyədə keçib. Ona görə də biz bu məsələdə türk xalqının, Türkiyə Cümhuriyyətinin rəyi ilə hesablaşmalıyıq və türk xalqını incitməməliyik. Mən Məhəmməd Əmin Rəsulzadənin qəbrinin Türkiyədə və ya Azərbaycanda olmasını fərqləndirmək istəməzdim. Amma bir daha qeyd edirəm ki, bu, dövlətlərarası məsələdir və dövlətlər arasında bu məsələyə baxıla bilər. Bu gün Əlimərdan bəy Topçubaşovun qəbri Fransadadır. Bunlar gələcəkdə Azərbaycan xalqının dünya miqyasında tarixinin öyrənilməsində çox böyük abidələrdir. Bu abidələrin hamısını gətirib Azərbaycan ərazisində toplayıb dünya tarixindən özümüzü izolə etməmiz doğru olmazdı. Bu, mənim şəxsi mövqeyimdir”.
Trend.az