Tallində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96 illiyi ilə əlaqədar rəsmi qəbul keçirilmişdir
Azərbaycanın Estoniyada səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96 illiyi ilə əlaqədar Tallin şəhərinin qədim hissəsində yerləşən, 1407-ci ildə inşa edilmiş “Qarabaşlılar binası”nda rəsmi qəbul keçirmişdir.
Qəbulda Estoniya hökumətinin, parlamentinin üzvləri, diplomatik korpusun təmsilçiləri, aparıcı media qurumlarının rəhbərləri və nümayəndələri, tanınmış ictimai xadimlər, iş adamları və Azərbaycan diasporunun təmsilçiləri iştirak etmişlər. Həmçinin fəxri qonaq qismində rəsmi qəbulda Estoniyanın sabiq Prezidenti Arnold Rüütel iştirak etmişdir.
Azərbaycanın və Estoniyanın dövlət himnləri səsləndirildikdən sonra səfir Tofiq Zülfüqarov çıxış edərək Avropa ilə Azərbaycan arasında ənənəvi əlaqələrin inkişaf etdiyini bildirmişdir.
Regionda həyata keçirilən mühüm layihələri vurğulayan səfir Avropanın sabit və davamlı enerji daşıyıcılarının təmin olunmasında Azərbaycanın rolunu xüsusi qeyd etmişdir. T. Zülfüqarov Azərbaycanın sürətli inkişafından danışmış, regionun siyasi və iqtisadi lideri olduğunu vurğulamışdır. O, Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal enerji layihələrindən, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft, Trans-Anadolu, Trans-Adriatik qaz kəmərlərindən danışmış, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminində rolunu vurğulamışdır. Diplomat, həmçinin Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyətini qeyd etmişdir.
Səfir Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən söhbət açmış, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini söyləmişdir. O, həmçinin Estoniya-Azərbaycan əlaqələrinin inkişafı və perspektivləri barədə danışmışdır.
Rəsmi qəbulda Estoniyadakı Azərbaycan diasporunun gənc fəalları tərəfindən hazırlanan, Azərbaycanın bugünkü inkişafına, adət-ənənələrinə həsr olunan videoçarx nümayiş etdirilmişdir. Estoniyada fəaliyyət göstərən “Qraatsia” rəqs qrupunun ifasında Azərbaycan milli rəqsləri maraqla qarşılanmış və Azərbaycan milli musiqisinin müşayiəti ilə mətbəximizin nümunələri qonaqlara təqdim edilmişdir.
Qəbulda, həmçinin qonaqlara “Bakı” və “IRS-Heritage” jurnalları paylanmışdır.
AzərTac.az