Səyyar “ASAN xidmət” mərkəzi Binəqədi rayonunda yanğının baş verdiyi binanın sakinlərinə xidmət göstərir
Binəqədi rayonu ərazisində yanğın baş vermiş binada sənədləri yanmış və ya korlanmış sakinlərə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mayın 22-də səhər saatlarından etibarən səyyar “ASAN xidmət” vasitəsilə xidmətlərin göstərilməsinə başlanıb.
AZƏRTAC xəbər verir ki, səyyar şəkildə göstərilən xidmətlər aidiyyəti dövlət qurumları tərəfindən təqdim olunub. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi və digər zəruri sənədləşmələr daxildir.
Xidmətlər yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılmış qərargahın yanında mayın 22-dən etibarən səyyar avtomobillər və iritutumlu avtobus vasitəsilə həyata keçirilir. Eyni zamanda, sakinlərin bəziləri qurumun avtomobilləri ilə 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə aparılır və onlara orada sənədlər təqdim olunur.
Binəqədi rayonunda yanan binanın sakinlərinə kompensasiya verilməsinə artıq başlanılıb. Sakinlər səyyar “ASAN xidmət”də sənədləşmə işləri həyata keçirdikdən sonra Nazirlər Kabinetinin Sərəncamında nəzərdə tutulan vəsaiti bank hesablarından əldə edirlər.
AzərTac.az