Səudiyyə Ərəbistanında 28 May – Respublika Günü münasibətilə tədbir keçirmişdir
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi Ər-Riyad şəhərindəki Diplomatik şəhərcikdə yerləşən “Tuveq” sarayında 28 May – Respublika Günü münasibətilə təntənəli tədbir keçirmişdir.
Bununla əlaqədar sarayın foyesində və böyük zalında Azərbaycanın ən məşhur yerlərini, təbiətini, köhnə Bakını və müasir Bakı gecələrini əks etdirən fotostendlər quraşdırılmış, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus memarlığı, füsunkar təbiəti, son illər əldə olunan iqtisadi nailiyyətlər barədə sənədli filmlər nümayiş etdirilmişdir.
Həmçinin tədbir iştirakçıları xüsusi yaradılmış guşədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ölkəmizə dair ərəb və ingilis dillərində nəşr olunmuş kitablar, “İRS-Heritage”, “Baku” və “Azərbaycan xalçaları” adlı jurnallar, Azərbaycanın və Qarabağın xəritələri, eləcə də Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ haqqında həqiqi faktlar” və “Xocalı soyqırımı (sənədlər, faktlarda və xarici mətbuatda)” adlı kitabçalar ilə tanış olmuşlar.
Ər-Riyad vilayətinin qubernatoru, Şahzadə Turki bin Abdullah Əl-Saud, Turizm və Abidələr üzrə Səudiyyə Komissiyasının prezidenti, Şahzadə Sultan bin Salman Əl-Saud, eləcə də Xarici İşlər Nazirliyinin protokol məsələləri üzrə nazir müavini İzəmain Əbdülkərim Əl-Qeyn, xarici işlər nazirinin sabiq müavini Ələddin Əl-Əskəri, ölkədə fəaliyyət göstərən diplomatik missiyaların və beynəlxalq təşkilatların rəhbərləri, ziyalılar, türk diasporlarının nümayəndələri, iş adamları, həmvətənlərimiz və KİV nümayəndələri tədbirdə iştirak etmişlər.
Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra səfir Rasim Rzayev və Ər-Riyad vilayətinin qubernatoru, Şahzadə Turki bin Abdullah Əl-Saud xüsusi olaraq hazırlanmış və üzərində Azərbaycan Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının dövlət bayraqlarını əks etdirən tortu kəsmişlər.
Azərbaycan muğamları və milli rəqsləri tədbir iştirakçılarının marağına səbəb olmuşdur.
Sonra ziyafət verilmişdir.
Tədbirin sonunda səfirliyin birinci katibi Ramil İmranov Respublika Günü ilə əlaqədar Səudiyyə Ərəbistanında ingilis dilində yayımlanan “KSA 2” dövlət televiziya kanalına müsahibə vermişdir. Tədbirlə bağlı məlumatlar ölkə KİV-lərində geniş işıqlandırılmışdır.
Həmçinin səfirlik tərəfindən 28 May – Respublika Günü ilə əlaqədar hazırlanmış geniş məqalə Səudiyyə Ərəbistanında fəaliyyət göstərən nüfuzlu “Ər-Riyad” qəzetində dərc olunmuşdur.
AzərTac.az