İstanbulda Xocalı faciəsinin qurbanları anılıb

Posted by

İstanbulda Xocalı faciəsinin qurbanları anılıb

 

İstanbulda Xocalı faciəsinin qurbanları anılıb

İstanbulda Xocalı faciəsinin qurbanları anılıb

 

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) İstanbuldakı qərargahından verilən məlumata görə, dünən İstanbulda “Zəhra Ana” dərnəyi tərəfindən Xocalı faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Türkiyə cəfərilərinin lideri Səlahaddin Özgündüz, Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov, Türkiyə millət vəkilləri Atila Kaya və Ali Özgündüz, İKGF-nin Apparat rəhbəri Elməddin Mehdiyev və Azərbaycanlı millət vəkilləri Elman Məmmədov və Aqil Abbas çıxış ediblər.

“Xocalıya ədalət!” kampaniyasının icraçı qurumu, İKGF-nin aparat rəhbəri E.Mehdiyev tədbirdə çıxış edərək İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə yaranan kampaniyanın Xocalıda baş verənlərə dünya ictimaiyyəti tərəfindən lazımi hüquqi-siyasi qiymətin verilməsi, faciəni törədənlərin beynəlxalq məhkəməyə çıxarılması yönündə fəaliyyətləri və əldə olunan nəticələr haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

E.Mehdiyev həmçinin Azərbaycan dini icmalarının təşəbbüsü ilə başladılmış “Haqqın və Haqqımızın səsi” layihəsi çərçivəsində ictimaiyyətə təqdim olunan “Qazi Qarabağ azanı” haqda danışıb və mənəvi dəyəri yüksək olan bu azanın şəhidlərin ruhunu şad etməyə yönəlik bir çağırış olduğunu bildirib. Qeyd edək ki, Xocalı faciəsinin ildönümü günü Türkiyənin fərqli şəhərlərində, o cümlədən Ermənistanla həmsərhəd bölgələrində Qazi Qarabağ azanının səsləndirilməsi nəzərdə tutulub.

Tədbirdə çıxış edən baş konsul Həsən Zeynalov və millət vəkilləri Xocalı faciəsi haqqında ətraflı məlumat verib, faciənin dünyada və xüsusilə Türkiyədə tanıdılmasının əhəmiyyətini vurğulayıblar. Baş konsul Azərbaycanın cəbhədəki vəziyyətlə barışmadığını və hər an torpaqları işğaldan azad etməyə hazır olduğunu qeyd edib.

Sonda Türkiyə cəfərilərinin lideri Səlahaddin Özgündüz çıxış edib və Türkiyə ictimaiyyətinin Azərbaycanın kədərini öz kədəri bildiyini qeyd edib. O, Azərbaycanı Vətən olaraq gördüklərini və Qarabağı işğaldan azad etmək üçün 3 milyonluq Türkiyə cəfərilərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmrini gözlədiklərini bildirib.

Tədbirdə Halkalıda yaşayan Türkiyə azərbaycanlıları tərəfindən hazırlanmış videokliplər və məktəblilərin hazırladıqları səhnəciklər iştirakçıları göz yaşlarına qərq edib.

 

Trend.az