“Stadler” şirkətindən alınacaq 30 sərnişin vaqonu Bakı-Tbilisi-Qars dəmir yolu xəttində istismar olunacaqdır
Gəncədə sərnişin vaqonları istehsal edəcək zavodun texniki sənədləri və layihələri işlənilir.
AzərTAc xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Qurban Nəzirov bildirmişdir.
Bir müddət öncə İsveçrənin “Stadler” şirkəti ilə bu istiqamətdə danışıqlar aparıldığını xatırladan QSC-nin sədr müavini demişdir: Məqsədimiz bu il layihəni tam yekunlaşdırıb işə başlamaqdır. Yeni zavod istifadəyə verildikdən sonra Azərbaycan dəmir yollarındakı sərnişin təsərrüfatının problemləri həll olunacaqdır. Gəncə şəhərində tikiləcək vaqon zavodu həm əhali, həm də dəmiryolçular üçün əlavə iş yerlərinin açılmasına imkan yaradacaqdır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin bu il “Stadler” şirkətindən 30 sərnişin vaqonu almağı planlaşdırdığını vurğulayan Q.Nəzirov qeyd etmişdir ki, artıq 2014-cü ilin dövlət büdcəsindən bunun üçün vəsait ayrılmışdır. Müqavilə bağlandıqdan sonra şirkət Azərbaycan dəmir yolları üçün nəzərdə tutulan sərnişin vaqonlarının istehsalına başlayacaqdır. Bu vaqonların Bakı-Tbilisi-Qars dəmir yolu xəttində istismara buraxılacağı nəzərdə tutulur.
AzərTAc.az