İsrailin Azərbaycandakı səfiri Tovuz rayonunda səfərdə olmuşdur

Posted by

İsrailin Azərbaycandakı səfiri Tovuz rayonunda səfərdə olmuşdur

İsrailin Azərbaycandakı səfiri Tovuz rayonunda səfərdə olmuşdur

İsrailin Azərbaycandakı səfiri Tovuz rayonunda səfərdə olmuşdur

İsrailin Azərbaycandakı səfiri Rafael Harpazın başçılıq etdiyi nümayəndə heyəti iyunun 18-də Tovuz rayonuna səfərə gəlmişdir.

AzərTAc xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Tovuz Rayon İcra Hakimiyyətində olmuşdur.

Burada keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov və Milli Məclisin deputatı Qənirə Paşayeva qonaqlara Tovuz rayonunun tarixi, əhalisi, mədəniyyəti, təbiəti, coğrafi mövqeyi, iqtisadiyyatı, sakinlərin məşğulluğu və turizm potensialı barədə ətraflı məlumat vermişlər.

Səfir Rafael Harpaz yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirmiş, İsrail-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu, bütün bu münasibətlərin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini bildirmişdir.

Ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu vurğulayan diplomat, İsrailin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirmişdir.

Səfir R.Harpaz Tovuz rayonu ilə əsasən kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıq məsələlərinə önəm verdiklərini diqqətə çatdırmışdır.

Görüşdə gələcək əməkdaşlığın Tovuz rayonu üçün çox əhəmiyyətli olduğu bildirilmiş, bu bölgənin hər iki ölkə arasında uzun illərdən bəri davam edən dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə bundan sonra da öz töhfəsini verəcəyinə əminlik ifadə edilmişdir.

Görüşün sonunda qonağa Azərbaycanın qədim musiqi aləti olan saz bağışlanmışdır.

Həmin gün səfir Rafael Harpaz və digər israilli qonaqlar rayonla tanışlıq çərçivəsində Ermənistan ilə həmsərhəd olan Ağdam kəndində olmuşlar.

Burada kənd sakinləri və Milli Məclisin deputatı Qənirə Paşayeva qonaqlara məlumat vermişlər ki, 20 il əvvəl atəşkəs haqqında müqavilə imzalansa da, demək olar ki, ermənilər hər gün atəşkəsi pozur, dinc sakinlər atəşə məruz qalırlar. Ermənilər tərəfindən atəşkəsin mütəmadi olaraq pozulması səbəbindən sakinlər Ağdam kəndinin sərhəddə yerləşən qəbiristanlığını ziyarət edə bilmirlər. Buna görə də sakinlər məcburiyyət qarşısında qalaraq kəndin çıxacağında yeni qəbiristanlıq salmışlar. Köhnə qəbİristanlıqda qalan “Alı Dədə” ziyarətgahına belə getmək mümkün deyil.

Sonra qonaqlar rayon ərazisində ilk yaşayış məskəni olan qədim “Göytəpə” yaşayış məskənini ziyarət etmişlər. Səfirə məlumat verilmişdir ki, qədim “Göytəpə” arxeoloji abidəsi Azərbaycan ərazisində, eyni zamanda, Cənubi Qafqazda neolit dövrünün erkən mərhələsinə aid yaşayış məskənlərinin ən böyüyüdür. Bu yaşayış məskəni 2 hektardan çox ərazini əhatə edir.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası 2006-cı ildə Fransa mütəxəssisləri ilə birlikdə qədim “Göytəpə” yaşayış məskənində kəşfiyyat müşahidələri apararaq, təpənin toroplanını çəkmiş, yerüstü materiallar toplamışlar. Abidənin dəqiq tarixinin təyin edilməsi üçün üst qatdan götürülən kömür qalıqlarının üzərində Fransanın Milli Araşdırmalar Mərkəzində radio-karbon analizi aparılmışdır. Analizin nəticəsinə əsasən, “Göytəpə” yaşayış məskəninin bizim eradan əvvəl VI minilliyə aid olduğu müəyyən edilmişdir. Bu da onu deməyə əsas verir ki, Tovuzun 8 min illik şəhər mədəniyyəti tarixi vardır.

Tovuz “Qala” kompleksində olan qonaqlara məlumat verilmişdir ki, 1828-ci ilə qədər Azərbaycanın ərazisi 168,2 min kvadratkilometr olmuşdur. Lakin Azərbaycanın ərazisi daim mənfur qonşular tərəfindən işğala məruz qalmışdır. 1918-ci ildə 114 min kvadratkilometr olan ərazi 1991-ci ildə 86,6 min kvadrat kilometrə düşmüşdür. Hazırda ərazilərimizin 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdur.

Səfir və onu müşayiət edən şəxslər fermer Etibar Xəlilovun heyvandarlıq təsərrüfatına və Nüsrət Hüseynovun üzüm plantasiyasına da baş çəkmişlər.

 

AzərTac.az