Son 15 il ərzində Azərbaycanda 50-dən çox mədəni irs nümunəsi bərpa olunub
Son 15 il ərzində Azərbaycanda 50-dən çox mədəni irs nümunəsi bərpa olunub. Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov “Ümumi mədəni irs şəhərləri” beynəlxalq arxeoloji turizm layihəsi çərçivəsində keçirilən beynəlxalq seminarda çıxışı zamanı deyib.
O qeyd edib ki, Ağsu arxeoloji turizm kompleksi, Qobustan qoruğu, Hacıqabul rayonu ərazisində “Pir Hüseyn Xanəgahı”, “Atəşgah məbədi”, “Təzə Pir” və “Əjdərbəy” məscidləri, Şəki şəhərindəki Qala divarları, Şəki Xan Sarayı, Aşağı Karvansara, Mirzə Fətəli Axundovun ev-muzeyi, Kiş kəndindəki Alban məbədi, Qusar rayonunda “Şeyx-Cüneyd” türbəsi, Qəbələ rayonunda “Türbələr kompleksi”, Nic kəndindəki məbəd, Bərdədə “Allah-Allah” türbəsi, Fizuli rayonunun “Şeyx Babı” türbəsi və s. mədəni-tarixi abidələrdə genişmiqyaslı bərpa-konservasiya, elmi-tədqiqat, yenidənqurma və abadlaşdırma işləri aparılıb.
N.Səmədovun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin turizm sahəsi üzrə İslam Əməkdaşlıq Təşkilatına təqdim etdiyi “Ümumi mədəni irs şəhərləri” beynəlxalq arxeoloji turizm layihəsinin qalib gəlməsi nazirliyin növbəti uğuru kimi qiymətləndirilməlidir: “Nazirlik Azərbaycanda təkcə ənənəvi olan turizm növlərinin yox, əlavə olaraq digər turizm növlərinin inkişaf etdirilməsi sahəsində də əsaslı işlər görür. Bu layihənin də məqsədi məhz mədəni turizm növləri arasında özünəməxsus yeri olan arxeoloji turizmin Azərbaycanda inkişaf etdirilməsi, eyni zamanda, ölkəmizin arxeoloji turizm potensialının dünya turizm bazarında təbliğ etdirilməsi, layihəni beynəlxalq səviyyədə həyata keçirməklə vahid beynəlxalq turizm məhsulunun yaradılmasıdır. Deyilənləri nəzərə alaraq, Komitənin bu təşəbbüsünü yüksək qiymətləndirmək lazımdır”.
Nazir müavini hesab edir ki, göstərilən bu cür təşəbbüslərin birtərəfli qaydada həyata keçirilməsinin istənilən səmərəni əldə etməyə imkan verməyəcəyini də nəzərə almaq lazımdır. Bu baxımdan layihənin uğurlu nəticələr verməsində və ölkədə turizm sahəsinin geniş miqyasda inkişafında turizm sənayesinin və digər aidiyyəti qurumların aktiv fəaliyyətinə böyük ehtiyac var: “Bu məqsədlə turizm sənayesi nümayəndələrini daha fəal olmağa və bütün aidiyyəti qurumları, dövlət və özəl sektor nümayəndələrini, həmçinin digər iştirakçı ölkələrdən olan tərəfdaşlarımızı öz dəstəklərini nümayiş etdirməyə çağırırıq. Əminəm ki, qarşıya qoyulan məqsədlərə nail olmağımız üçün birgə əməkdaşlığımız öz səmərəli bəhrəsini verəcək, yeni-yeni uğurlara nail olacağıq və Azərbaycanda turizmin sürətli inkişafını birgə təmin edəcəyik”.
Trend.az