Soçidə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı “Azərbaycan günü” keçirilib
Fevralın 8-də Soçidə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı mətbuat konfransı keçirilmişdir.
Trend AzərTAc-a istinadən xəbər verir ki, mətbuat konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki və AOK-un icraedici komitəsinin üzvü Spiros Kapralos iştirak etmişlər.
AOK-un prezidenti Patrik Hikki mətbuat konfransını açaraq Bakıda birinci Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə görüldüyünü diqqətə çatdırmışdır. Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən danışan Patrik Hikki birinci Avropa Oyunlarına hazırlıq işlərinin dövlətimizin başçısının nəzarəti altında aparıldığını vurğulamışdır. O, birinci Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirmişdir.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov birinci Avropa Oyunlarına hazırlıq işlərinin sürətlə aparıldığını vurğulamışdır. Nazir dörd idman qurğusunun inşa edildiyini diqqətə çatdırmışdır. A.Rəhimov demişdir ki, hazırda Bakıda Olimpiya stadionunun, Su İdman Sarayının tikintisi davam edir. Bildirilmişdir ki, Gimnastika Mərkəzi bu yaxınlarda istifadəyə veriləcəkdir.
Nazir nəqliyyat, idmançıların yerləşdirilməsi, iştirakçı ölkələrin nümayəndə heyətlərinin təhlükəsizliyinin təmin edilməsi, yarışların təşkili və digər məsələlərlə bağlı genişmiqyaslı işlərin görüldüyünü bildirmişdir.
Sonra jurnalistlərin birinci Avropa Oyunlarında 2016-cı ildə Rio de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına lisenziya verilməsi, növbəti Avropa Oyunlarına ev sahibliyi edəcək ölkə, “Bakı-2015″ə hazırlıq prosesində könüllülərin iştirakı məsələləri barədə sualları cavablandırılmışdır.
Fevralın 8-də Soçidə XXII Qış Olimpiya Oyunları çərçivəsində “Azərbaycan günü” də keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Soçi Olimpiadasında iştirakçı ölkələrin milli olimpiya komitələrinin rəhbərləri və digər rəsmi şəxslər iştirak etmişlər.
Gənclər və idman naziri Azad Rəhimov tədbiri açaraq Azərbaycanda idmanın və Olimpiya hərəkatının geniş vüsət aldığını, ölkəmizin beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etdiyini diqqətə çatdırmışdır. Nazir birinci Avropa Oyunları ilə bağlı görülən hazırlıq işlərindən danışmış, “Bakı-2015″in yüksək səviyyədə keçiriləcəyini bildirmişdir.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, bu sahədə yaxşı təcrübə qazandığını, Olimpiya hərəkatına layiqli töhfə verdiyini söyləmişdir. T.Bax Azərbaycanın tarixə birinci Avropa Oyunlarını keçirən ilk ölkə kimi daxil olacağını qeyd etmişdir.
2015-ci ildə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə gedir. Bu sözləri “Azərbaycan günü”ndə çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki demişdir. O, ölkəmizdə yaradılan idman infrastrukturunu yüksək qiymətləndirmiş, mötəbər yarışa hazırlıqdan məmnunluğunu ifadə etmişdir. Azərbaycanda idmana göstərilən diqqət və qayğı bizi çox sevindirir. İnanırıq ki, Azərbaycan birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə nümunə göstərəcəkdir.
Trend.az