SOCAR Gürcüstanda ən böyük investor və vergi ödəyicisidir
Fevralın 14-də Tbilisidə 2013-cü ildə Gürcüstanın neft məhsulları sektorunda uğur qazanmış şirkətlərin mükafatlandırılması mərasimi olmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Neft Məhsulları İdxalçıları İttifaqı tərəfindən təşkil olunmuş mərasimdə Gürcüstan hökumətinin və dövlət strukturlarının, diplomatik missiyaların, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, həmçinin ölkədə fəaliyyət göstərən xarici neft şirkətlərinin nümayəndələri iştirak etmişlər. ARDNŞ-in törəmə şirkəti olan “SOCAR Energy Georgia” ən böyük investor və ən mühüm sosial layihələrin müəllifi kimi xüsusi diplom və mükafata layiq görülmüşdür. ARDNŞ-in digər törəmə şirkəti olan “SOCAR Georgia Petroleum” isə ölkənin ən böyük vergi ödəyicisi elan olunmuşdur. 2013-cü ildə şirkət tərəfindən Gürcüstanın dövlət büdcəsinə 129 milyon 457 min 626 lari (təxminən 78 milyon 459 min 167 ABŞ dolları) məbləğində vergi ödənilmişdir.
Qeyd edək ki, ötən il “SOCAR Georgia Petroleum” Gürcüstanda SOCAR brendi ilə 11 yeni yanacaqdoldurma məntəqəsi açmışdır. Bunlardan 4-ü qazdoldurma stansiyası, 6-sı multi-funksional kompleksdir. Hazırda 9 yanacaqdoldurma məntəqəsinin tikintisi davam etdirilir. Ümumilikdə Gürcüstanda SOCAR brendi ilə 106 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. 2013-cü ildə “SOCAR Georgia Petroleum”un xətti ilə Gürcüstan bazarına 326297 ton neft məhsulu çıxarılmışdır ki, bunun da 295715 tonu Azərbaycan mənşəli neft məhsullarının payına düşür.
AzərTAc.az