ƏƏSMN-də Avropa Sosial Xartiyası ilə bağlı işçi seminar keçirilib
İyunun 25-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa Sosial Xartiyasının əvvəllər ölkəmiz tərəfindən qəbul edilməmiş maddələri ilə bağlı aidiyyəti dövlət qurumlarının iştirakı ilə fikir və məlumat mübadiləsinin aparılması məqsədilə seminar keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Avropa Şurasının I Baş Direktorluğunun Avropa Sosial Təhlükəsizlik Məcəlləsi və Avropa Sosial Xartiyası Departamenti ilə birgə təşkil olunan tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Avropa Şurasının üzvü olan Azərbaycanın ötən müddətdə bu təşkilatla əməkdaşlıq əlaqələrini daim inkişaf etdirdiyini bildirib. Qeyd olunub ki, 2004-cü ilin yanvarında sosial müdafiə sahəsində mühüm beynəlxalq sənədlərdən biri olan Avropa Sosial Xartiyasının 18 maddəsi Azərbaycan tərəfindən ratifikasiya edilib. Ötən dövrdə dinamik sosial-iqtisadi tərəqqinin təmin olunması, müasir dövlət quruculuğu, hüquqlar sisteminin təkmilləşdirilməsi sahəsində ölkəmizdə əldə olunan mühüm nailiyyətlər Xartiyanın əvvəllər qəbul olunmamış müddəlarının da ratifikasiya imkanlarına yenidən baxılmasını şərtləndirir. Bu seminarın məhz ölkəmizin Avropa Şurasının Nazirlər Şurasına sədrliyi dövründə keçirilməsinin xüsusi əhəmiyyət kəsb etməsi vurğulanıb.
Avropa Sosial Xartiyası Departamentinin nümayəndəsi Ramon Prieto Suarez Azərbaycanın Xartiyanın qəbul edilmiş maddələrinin icrası sahəsində uğurlu təcrübəsi, respublikada müasir cəmiyyətin formalaşması digər müddəaların da qəbulu üçün yetərli əsas yaradır.
Seminarda Xartiyanın sağlamlıq imkanları məhdud şəxslərin sosial inteqrasiya və cəmiyyətin həyatında iştirakını, uşaq və gənclərin sosial, hüquqi və iqtisadi müdafiəsini, miqrant işçilərin və onların ailələrinin müdafiəsini, yoxsulluqdan və sosial təcriddən müdafiəni və s. sosial hüquqları nəzərdə tutan 15-ci, 17-ci, 19-cu və 30-cu maddələrinin ratifikasiyası ilə bağlı fikir mübadilələri aparılıb.
Trend.az