Səlim Müslümov: Sosial yardım üçün müraciət edən vətəndaşın ilk növbədə səmərəli məşğulluğu üçün səy göstərilməlidir

Posted by

Səlim Müslümov: Sosial yardım üçün müraciət edən vətəndaşın ilk növbədə səmərəli məşğulluğu üçün səy göstərilməlidirSəlim Müslümov: Sosial yardım üçün müraciət edən vətəndaşın ilk növbədə səmərəli məşğulluğu üçün səy göstərilməlidir

Səlim Müslümov: Sosial yardım üçün müraciət edən vətəndaşın ilk növbədə səmərəli məşğulluğu üçün səy göstərilməlidir

Bu gün Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, müraciətlər imtiyazlı şəxslərin reabilitasiya vasitələri və sanator-kurort yollayışları, protez-ortopedik məmulatlarla təmin olunması, dövlət hesabına mənzil və minik avtomobili almaq üçün növbəyə dayanma, əmək hüquqlarının və məşğulluğun təminatı və s. məsələləri əhatə edib. Sakinlərin müraciətlərində əksini tapan bir sıra məsələlərin həll olunması, həmçinin ayrı-ayrı vətəndaşların müraciətlərinin araşdırılaraq aidiyyəti üzrə sosial təminat növlərindən yararlanmaq hüquqlarının müəyyən edilməsi üçün yerindəcə göstərişlər verilib. İmtiyazlı şəxslərin dövlət hesabına mənzillə təmin olunmaq üçün rayon (şəhər) icra hakimiyyətləri tərəfindən qeydiyyata alındığı diqqətə çatdırılıb.

S.Müslümov respublikanın bölgələrində yaşayan və protez-ortopedik məmulatlara ehtiyac duyan əlilliyi olan şəxslərin bununla əlaqədar uzaq yol qət edərək artıq Bakıya gəlməsinə ehtiyac olmadığını qeyd edib: “Ötən ilin sonlarından nazirlikdə müvafiq əmr əsasında yaradılan səyyar tibbi-texniki briqadalar respublikanın regionlarında yaşayan, dayaq-hərəkət sistemi pozulmuş əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti göstərir. Həmçinin onların ayrı-ayrı reabilitasiya vasitələrinə olan ehtiyacı aradan qaldırılır. Ölkənin bütün bölgələrində belə səyyar xidmət həyata keçiriləcək”.

S.Müslümov müraciətlərinə uyğun olaraq ayrı-ayrı şəxslərin təmsil etdikləri ailələrin ünvanlı dövlət sosial yardımı almaq hüququnun araşdırılması, eləcə də belə ailələrin əmək qabiliyyətli üzvlərinin qısa müddətdə səmərəli məşğulluğunun təmin olunması üçün konkret tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırıb: “Əhalinin sosial müdafiəsi mərkəzlərinin məşğulluq mərkəzləri ilə bu sahədə əlaqəli fəaliyyəti gücləndirilməkdədir. Hər iki mərkəz sosial yardım üçün müraciət edən vətəndaşın ilk növbədə səmərəli məşğulluğu üçün səy göstərməlidir, bunun üçün bütün imkanlar nəzərdən keçirilməli və yalnız son həddə ünvanlı yardım təyinatı aparılmalıdır”.

Qəbul zamanı əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadə, peşə hazırlığına cəlb olunma və digər məsələlərlə əlaqədar sorğu xarakterli müraciətlər də cavablandırılıb, müvafiq izahatlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Gədəbəy rayonuna aparılıb-gətirilməsi təmin edilib.

 

Trend.az