Səlim Müslümov Salyanda vətəndaşlarla görüşüb
Mayın 29-da Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarının sakinləri ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Salyan rayonuna aparılıb gətirilmələri təmin olunub.
Nazirliyin Salyan rayon Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında keçirilən qəbula gələn bütün vətəndaşların müraciətləri fərdi qaydada dinlənilib. Müraciətlər əsasən, imtiyazlı şəxslərin bərpa-müalicə və istirahət mərkəzlərinə yollayışla, ayrı-ayrı Böyük Vətən müharibəsi (BVM), Çernobıl əlillərinin minik avtomobili ilə təmin olunması, əlilliyi olan şəxslərin peşə hazırlığına cəlb edilməsi, mənzil növbəsinə dayanma, işlə təmin olunma və s. məsələləri əhatə edib. Ümumilikdə müraciətlər arasında ünvanlı dövlət sosial yardımla bağlı müraciətlər azlıq təşkil edib.
S.Müslümov vətəndaşların qeyd olunan təminat növləri ilə təmin olunmaq hüququnun araşdırılaraq qısa müddətdə müvafiq işlər aparılması barədə tapşırıq verib. İşsiz olduqlarını bildirən şəxslərin məşğulluğunun qısa vaxtda təmin edilməsi, lazım gəldikdə həmin şəxslərin peşə hazırlığı kurslarına cəlb edilməsi üçün yerli məşğulluq orqanlarına aidiyyatı tədbirlər görmələri tapşırılıb. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin 30 aprel 2014-cü il tarixli Sərəncamına uyğun olaraq, cari ilin əvvəlinədək növbədə olan bütün BVM əlillərinin, onlara bərabər tutulanların, o cümlədən Çernobıl AES əlillərinin yaxın aylar ərzində dövlət hesabına minik avtomobilləri ilə tam təmin ediləcəklərini vurğulayıb.
Mənzil növbəsinə yazılmaq istəyən şəxslərə bunun üçün müvafiq İH-lərinə müraciət etmələrini tövsiyə edən S.Müslümov fərdi ev tikintisi üçün növbədə dayanmış bütün əlilliyi olan şəxslər üçün nazirliyin rəsmi saytındakı (www.mlspp.gov.az) müvafiq növbəlilik siyahısı üzrə yaşadıqları ərazilərdə fərdi ev tikiləcəyini bildirib. S.Müslümov müraciətlərinə uyğun olaraq ayrı-ayrı əlilliyi olan şəxslərin nazirliyin tabeliyindəki Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiyası Mərkəzində peşə kurslarına cəlb olunması və kursları bitirdikdən sonra onların yiyələndikləri peşələr üzrə işlə təmin olunması barədə göstəriş verib.
Nazir həmçinin ünvanlı dövlət sosial yardımı ilə təmin olunmaq barədə müraciətlərin yerindəcə araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülməsi, əlillik qrupu almaq istəyən şəxslərin Tibbi-sosial ekspert komissiyasında əyani əlillik müayinəsinə cəlb olunması ilə bağlı nazirliyin aidiyyatı struktur rəhbərlərinə tapşırıqlar verib.
“Açıq qapı” şəraitində keçirilən qəbul zamanı Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlər aidiyyatı qurumlara çatdırılması üçün qeydə alınıb.
Qəbul zamanı müvəqqəti və mövsümi xarakterli işlərdə çalışmaq istəyən vətəndaşlar üçün Əmək Birjasının fəaliyyəti təşkil olunub.
Trend.az