İslamabadda Azərbaycan Silahlı Qüvvələri Günü təntənəli şəkildə qeyd edilmişdir

Posted by

İslamabadda Azərbaycan Silahlı Qüvvələri Günü təntənəli şəkildə qeyd edilmişdir

İslamabadda Azərbaycan Silahlı Qüvvələri Günü təntənəli şəkildə qeyd edilmişdir

İslamabadda Azərbaycan Silahlı Qüvvələri Günü təntənəli şəkildə qeyd edilmişdir

Pakistanın İslamabad şəhərində Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümü münasibətilə təntənəli mərasim keçirilmişdir.

Mərasimdə Pakistan Silahlı Qüvvələri Baş Qərargahının nümayəndəsi, general-leytenant Məhəmməd İcaz Çoudri, Pakistan Senatının xarici əlaqələr komitəsinin sədri Hacı Adil, Silahlı Qüvvələrin generalları, admirallar, aviasiya marşalları, digər yüksək rütbəli zabitlər, parlamentin sabiq sədr müavini F.K. Kundi, daxili işlər üzrə sabiq dövlət naziri Məhəmməd Vasim, xarici ölkələrin Pakistanda akkreditə olunmuş səfirləri və hərbi attaşeləri, dövlət və hökumət rəsmiləri, tanınmış ziyalılar, jurnalistlər iştirak etmişlər.

Tədbirin keçirildiyi salonda Azərbaycan və Pakistan bayraqları, ümummilli lider Heydər Əliyevin və Pakistan dövlətinin banisi Məhəmməd Əli Cinnahın, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistan Prezidenti Məmnun Hüseynin portretləri vurulmuşdu. Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini özündə əks etdirən fotoşəkillər, bu il keçiriləcək I Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisinin banerləri də yerləşdirilmişdi.

Salonun girişində qurulmuş iki böyük monitorda Azərbaycan Silahlı Qüvvələrinin hazırkı döyüş qabiliyyətini, maddi-texniki bazasını nümayiş etdirən videoçarx təqdim olunmuş, milli hərbi marşlar səsləndirilmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin Pakistandakı hərbi attaşesi, polkovnik-leytenant Mehman Novruzov çıxış edərək Silahlı Qüvvələrimizin yaranma tarixi və inkişaf yolundan danışmışdır. O, müasir silahlarla təchiz edilmiş, peşəkar və vətənpərvər kadrlardan ibarət olan Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazın ən güclü ordusu olduğunu qeyd etmişdir.

İki dost və qardaş ölkə arasında yüksək səviyyəli münasibətlərin olduğunu qeyd edən M.Novruzov bu əlaqələrin hərbi sahəni də əhatə etdiyini və hərbi münasibətlərin dinamik inkişaf etdiyini vurğulamışdır.

Mərasim zamanı “Diplomatic Star”, “Diplomatic Insight”, “Centreline”, “Diplomatic Focus” jurnalları, “Dawn”, “Pakistan Observer”, “The News”, “Daily Times”, “The Nation”, “Frontier Post”, “Metro Watch”, “Daily Pardez”, “Azkaar”, “Navai Vakt” qəzetlərinin nüsxələri tədbir iştirakçılarına paylanmışdır. Həmin nəşrlərdə Azərbaycanda ordu quruculuğu, müstəqil dövlətçiliyimizin tarixi, ölkəmizin siyasəti, iqtisadiyyatı, mədəniyyəti, həmçinin ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyat və fəaliyyətləri, onların müstəqil Azərbaycanın inkişafı üçün həyata keçirdikləri islahatlar haqqında məlumaatlar verilmişdir. Mətbuat orqanlarında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Pakistandakı xeyriyyəçilik fəaliyyəti, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi haqqında məlumatlar da yer almışdır.

Sonra mərasim iştirakçılarına ziyafət verilmişdir.

 

AzərTac.az