İslam Əməkdaşlıq Təşkilatının baş katibi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib
Xocalı şəhərində baş vermiş soyqırımın 22-ci ildönümü ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər nəticəsində həyatını itirmiş günahsız insanların xatirəsini yad edib.
Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baş katib Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının Xocalı soyqırımının törədilməsinə zəmin yaratdığını söyləyib. O, 2013-cü ildə Qvineyanın paytaxtı Konakri şəhərində keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 40-cı iclası zamanı qəbul olunmuş və Azərbaycanın işğal altındakı ərazilərində Azərbaycan əhalisinə qarşı törədilmiş qətliamı insanlığa qarşı cinayət kimi tanıyan qətnaməyə istinad edib.
İyad bin Amin Mədəni Azərbaycan Respublikasının öz ərazilərinin işğalına son qoyulması və ərazi bütövlüyünün bərpası naminə həyata keçirdiyi təşəbbüs və səylərin İƏT tərəfindən tam şəkildə dəstəkləndiyini bir daha bəyan edib. O, Xocalı soyqırımı zamanı həyatını itirmiş şəxslərin yaxınlarına dərin hüznlə başsağlığı verib.
Apa.az