Seulda “Azərbaycan reallıqları” adlı sərgidə Xocalı soyqırımını və Azərbaycanın müasir inkişafını əks etdirən fotoşəkillər nümayiş olunmuşdur
Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyi və Koreya Xarici Dillər Universitetinin türk-Azərbaycan dilləri kafedrasının təşkilatçılığı ilə universitetdə “Azərbaycan reallıqları” adlı fotosərgi təşkil edilmişdir.
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) və Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının (SEBA) dəstəyi ilə keçirilən sərgidə Xocalı soyqırımını və Azərbaycanın müasir inkişafını əks etdirən fotoşəkillər nümayiş olunmuşdur.
Koreya Respublikasındakı diplomatik nümayəndəliklərin başçılarının, universitet rəhbərliyinin və professor-müəllim heyətinin, SEBA-nın vitse-prezidentinin, Azərbaycanda fəaliyyət göstərən Koreya şirkətlərinin və nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələri sərginin açılışında iştirak etmişlər.
Azərbaycanın Koreyadakı müvəqqəti işlər vəkili Rəmzi Teymurov çıxış edərək sərginin əsas ideyası və məqsədi barədə danışmışdır.
O, Koreya ictimaiyyətinin Azərbaycanı əsasən enerji ehtiyatları ilə zəngin və müasir ölkə kimi tanıdığını, lakin ölkənin öz müstəqilliyini bərpa etdiyi dövrdə qarşılaşdığı çətinliklər, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə daha az məlumatlı olduğunu bildirmişdir. Sərginin keçirilməsində əsas məqsədin də Azərbaycan barədə bu reallıqların Koreya ictimaiyyətinə çatdırılmasından ibarət olduğu qeyd edilmişdir.
Koreya Xarici Dillər Universitetinin rektoru Kim İn-çol belə bir sərginin universitetdə təşkil olunmasından məmnunluğunu bildirmiş, ali təhsil ocağında, xüsusən də türk-Azərbaycan dili kafedrasında təhsil alan koreyalı tələbələrin Azərbaycan dili ilə yanaşı, ölkənin tarixi və mədəniyyətinin öyrənilmələrinin önəmli olduğunu qeyd etmişdir.
Tədbirdə 1992-ci ilin fevralında Xocalı şəhərinin mülki sakinlərinə qarşı törədilmiş vəhşilikləri çəkmiş və xüsusi olaraq sərginin açılışına dəvət olunmuş fransalı fotoqraf xanım Frederik Lanqen Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi problemlər, o cümlədən Xocalı və Ağdamda baş vermiş hadisələr barədə ətraflı danışmış, Xocalı soyqırımı səhnələrinin onda dərin təəssürat buraxdığını bildirmişdir.
Sonra tədbir iştirakçıları xanım Frederik tərəfindən 1992-ci ilin fevral ayında çəkilmiş və Xocalı faciəsini əks etdirən fotoşəkillərlə tanış olmuşlar. Sərgi zamanı, həmçinin müasir Azərbaycanı və Bakı şəhərini əks etdirən fotolar da nümayiş olunmuşdur.
Bundan əlavə, Xocalı faciəsi ilə bağlı Koreya dilinə tərcümə edilmiş kitabçalar iştirakçılara paylanmışdır.
Üç gün davam edən sərgi Koreya Xarici Dillər Universitetinin “Obama” zalında təşkil edilmişdi. 2012-ci ildə ABŞ Prezidenti Barak Obama Koreya Respublikasına rəsmi səfəri çərçivəsində universitetin həmin salonunda çıxış etdikdən sonra zala “Obama” adı verilmişdir.
AzərTac.az