Seulda 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
Azərbaycanının Koreya Respublikasındakı səfirliyi tərəfindən Seul şəhərində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Səflirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Koreyada yaşayan soydaşlarımız, Azərbaycan-Koreya Tələbə Assosiasiyasının (BUTA) fəal üzvləri, Koreya Respublikasının ölkəmizdə fəaliyyət göstərən şirkətləri və təşkilatlarının baş ofisinin nümayəndələri, habelə yerli KİV-lərin təmsilçiləri iştirak etmişlər.
Tədbirin açılışında mərasim iştirakçıları 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Daha sonra Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov çıxış edərək, tədbir iştirakçılarına Qanlı Yanvar faciəsinin səbəbləri, Sovet qoşunlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı haqqında ətraflı məlumat vermişdir. O, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulmasını və kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsini totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini söyləmişdir. Eyni zamanda, səfir Sovet ordusu tərəfindən törədilmiş cinayətin BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəalarının kobud şəkildə pozulması kimi xarakterizə etmiş və faciəyə bu günə kimi beynəlxalq hüquqi qiymət verilmədiyini qeyd etmişdir.
Tədbirdə 20 Yanvar faciəsinə həsr edilmiş sənədli film nümayiş etdirilmiş və səfirlik tərəfindən faciəni əks etdirən fotosərgi təşkil olunmuşdur. Bununla yanaşı, “The Korea Post” jurnalının yanvar buraxılışının nüsxələri tədbir iştirakçılarına paylanılmışdır.
Xatırladaq ki, həmin jurnalın yanvar buraxılışında “The 25th anniversary of the Black January of Azerbaijan” adlı geniş məqalə dərc olunmuşdur.
Trend/az