Serbiya, Bosniya və Herseqovina və Monteneqroda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib

Posted by

Serbiya, Bosniya və Herseqovina və Monteneqroda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib

Serbiya, Bosniya və Herseqovina və Monteneqroda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib

Serbiya, Bosniya və Herseqovina və Monteneqroda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Azərbaycanın Serbiyadakı səfirliyində anma mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə səfirliyin əməkdaşları, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiyada yaşayan Azərbaycan icmasının üzvləri, burada təhsil alan azərbaycanlı tələbələr, Serbiya ictimaiyyəti, KİV və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak ediblər.

Tədbirdə xalqımıza qarşı törədilmiş soyqırımın tarixindən bəhs edilmiş, tədbir iştirakçılarına 1905-1907-ci illərdə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir və Qazax bölgələrində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Qarabağ bölgələrində minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirilməsi, on minlərlə insanın evlərindən didərgin salınması barədə məlumat verilmiş, eyni zamanda həmin vaxt qardaş Türk ordusunun xilaskar rolu da qeyd edilmişdir.

Erməni millətçiləri tərəfindən zaman-zaman xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırım siyasətinin bu gün də davam etdiyi qeyd edilərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni yaraqlıları tərəfindən həyata keçirilmiş və öz amansızlığı ilə xüsusi seçilən vəhşiliklər, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı soyqırımı, Azərbaycan Respublikasının digər rayonlarının işğalı və onların ağır nəticələri, işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması, xalqımıza qarşı yürüdülən bu etnik təmizləmə və soyqırımın mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsi olduğu bildirilmişdir.

Tədbir iştirakçıları 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı fərmanın böyük tarixi əhəmiyyətini vurğulamış, onun xalqımızın milli şüurunda və özünü dərk etməsində mühüm rol oynadığını qeyd etmişlər.

Tədbir zamanı Azərbaycan ombudsmanının 31mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanatı oxunmuşdur.

Tədbirdə Azərbaycanın dilbər guşələrindən olan, mühüm strateji əhəmiyyətə malik Kəlbəcər rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalının 21-ci ildönümü də xatırlanaraq, Dağlıq Qarabağ münaqişəsi başlanandan sonra uzun müddət düşmənə qarşı şücaətlə döyüşən mərd oğulların göstərdikləri qəhrəmanlıqlara baxmayaraq, 2 aprel 1993-cü ildə Kəlbəcərin işğal olunduğu, nəticədə 511 nəfərin həlak olduğu, 321 nəfərin itkin düşdüyü və ya girov götürüldüyü, işğal nəticəsində rayon mərkəzinin, 150-yə yaxın kəndin, həmçinin onlarla tarix-mədəniyyət abidəsinin, bir muzeyin və sanatoriyaların xarabazara çevrildiyi qeyd edilmişdir. Eyni zamanda bildirilmişdir ki, hazırda rayon sakinlərinin 11 min nəfəri Gəncədə, qalanları isə respublikamızın müxtəlif bölgələrində məskunlaşmışdır və bütün qaçqın və məcburi köçkünlərə olduğu kimi bu gün onlara dövlət tərəfindən müxtəlif imtiyazlar, güzəştlər və sosial yardımlar tətbiq olunur. Kəlbəcərli məcburi köçkünlərin sosial məsələlərinin həllində də uğurlu addımlar atılır. Hər il onlarla bina tikilərək onların mənzil problemi müvəqqəti yaşayış üçün həll edilməkdədir.

Buna baxmayaraq, tədbir iştirakçıları Azərbaycan dövlətinin apardığı qətiyyətli daxili və xarici siyasətin, qüdrətli, milli ruhlu peşəkar ordumuzun gücü və davamlı iqtisadi inkişaf nəticəsində tezliklə Kəlbəcər sakinləri də daxil olmaqla əzəli və əbədi torpağımız – Dağlıq Qarabağımızdan olan bütün məcburi köçkünlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına inamdıqlarını ifadə etmişlər.

Soyqırım qurbanlarının və Kəlbəcərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Analoji tədbir və anma mərasimləri Azərbaycanın Bosniya və Herseqovinada və Monteneqrodakı diplomatik nümayəndəlikləri tərəfindən də keçirilmişdir.

Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı səfirlik tərəfindən hazırlanmış press-reliz, eləcə də ombudsmanın bəyanatı Serbiyanın, Bosniya və Herseqovinanın və Monteneqronun dövlət və hökumət orqanlarına, parlament üzvlərinə, qeyri-hökumət təşkilatlarına, bu ölkələrdə fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilib.

 

Trend.az