Sabiq prezidentlər III Qlobal Açıq Cəmiyyətlər Forumunu müzakirə ediblər
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə Türkiyənin İstanbul şəhərində təşkilatın üzvü olan sabiq prezidentlərin toplantısı keçirilib.
Diasporla İş Üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, toplantıda Türkiyənin, Rumıniyanın, Latviyanın, Bolqarıstanın, Moldovanın və Albaniyanın sabiq prezidentləri Abdullah Gül, Emil Konstantinesku, Valdis Zatlers, Petar Stoyanov, Petru Luçinski və Bamir Topi iştirak ediblər.
Görüşdə regional layihələr, enerji təhlükəsizliyi və bu məsələdə Azərbaycanın əhəmiyyəti, bölgədə cərəyan edən proseslərdə Türkiyənin rolu, Avrasiya qitəsində təhlükəsizliklə bağlı geniş fikir mübadiləsi aparılıb. Sabiq prezidentlər, eyni zamanda, aprelin 28-30-da Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunu da geniş müzakirə ediblər. Müzakirələr zamanı bəşəriyyəti narahat edən qlobal problemlərin həll yollarının tapılması baxımından tədbirin vacibliyi xüsusi vurğulanıb. Qeyd olunub ki, dünya siyasətinin müəyyənləşməsində böyük rolu olan liderlərin beynəlxalq forumda iştirakı onun əhəmiyyətini daha da artırır.
AzərTac.az