Rusiya Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin sentyabrın 29-da Həştərxanda keçirilməsini təklif edib
“Biz Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin bu il sentyabrın 29-da Rusiyanın Həştərxan vilayətində keçirilməsi təklifi ilə çıxış etmişik”. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan deyib. O bildirib ki, toplantıda Xəzər dənizinin hüquqi statusu və ekoloji durumu ilə bağlı məsələlər müzakirə olunacaq: “Ancaq hələlik İrandan cavab almamışıq”.
L. Caqaryan qeyd edib ki, bu il aprelin 22-də Həştərxanda sahilyanı ölkələrin xarici işlər nazirlərinin görüşünün keçirilməsinə dair razılıq əldə olunub. Səfir həmçinin vurğulayıb ki, 5 Xəzəryanı ölkə arasında dənizin hüquqi statusu ilə bağlı fikri ayrılığı var: “1990-cı ildə SSRİ dağıldıqdan sonra yeni müstəqil dövlətlər yarandı və onların hər birinin öz məqsəd və maraqları var. Ancaq bununla belə, biz beş ölkə arasında razılığın əldə olunmasına çalışırıq”.
Apa.az