Rusiya və Azərbaycan Silahlı qüvvələrinin əməkdaşlıq əlaqələri inkişaf edir

Posted by

Rusiya və Azərbaycan Silahlı qüvvələrinin əməkdaşlıq əlaqələri inkişaf edirRusiya və Azərbaycan Silahlı qüvvələrinin əməkdaşlıq əlaqələri inkişaf edir

Rusiya və Azərbaycan Silahlı qüvvələrinin əməkdaşlıq əlaqələri inkişaf edir

Bu fikir oktyabrın 16-da Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının Bakıya gələn “Dağıstan” böyük və “Qrad Sviyajsk” kiçik raket gözətçi gəmilərinin nümayəndə heyəti ilə Səbail Rayon İcra Hakimiyyətində keçirilən görüşdə səslənib.

Görüşdə rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov qonaqlara Bakının mərkəzi rayonu olan Səbailin tarixi, coğrafi mövqeyi, strateji əhəmiyyəti, inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri barədə ətraflı məlumat verib.

Səbail Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildiriblər ki, A.Əsgərov son illərdə Azərbaycanda əldə olunmuş nailiyyətlər, sosial-iqtisadi inkişaf, həyata keçirilən yeni layihələr, o cümlədən rayonda görülən işlərdən danışıb. O, bu nailiyyətlərin qazanılmasında ulu öndən Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayıb. Ölkələrimiz və xalqlarımız arasında mövcud dostluq və qardaşlıq əlaqələrindən danışan A.Əsgərov Səbail Rayon İcra Hakimiyyəti ilə rayonda və eləcə də cəbhə bölgəsindəki hərbi hissələr arasında yaranmış sıx əməkdaşlıq əlaqələri, Müdafiə Nazirliyi ilə birgə keçirilən tədbirlər barədə məlumat verib.

Rusiya Federasiyası Xəzər Dəniz Donanması nümayəndə heyətinin rəhbəri, I dərəcəli kapitan Valeri Smirnov Azərbaycanın, xüsusilə Silahlı Qüvvələrimizin inkişafının məmnunluq doğurduğunu diqqətə çatdırıb. Rusiyanın və Azərbaycanın Silahlı qüvvələrinin əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini bildirən V.Smirnov bu sahədə dövlətlərimizin başçılarının rolunu xüsusi vurğulayıb.

Rusiyanın Azərbaycandakı səfirliyinin hərbi attaşesi, polkovnik Vladimir Çernenko, “Dağıstan” hərbi gəmisinin komandiri, II dərəcəli kapitan Vüsal Miriyev səfərin əhəmiyyətini qeyd edib, göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını bildiriblər.

Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələrinin komandanı, I dərəcəli kapitan Şahin Məmmədov “Dağıstan” və “Qrad Sviyajsk” gəmilərinin Bakıya gəlməsinin ölkəmizin hərbi dənizçilərinin Rusiyaya səfərinə cavab olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, səfər çərçivəsində qonaqlar paytaxtın görməli yerlərini gəzəcək, şəhərin tarixi və mədəni abidələri, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə tanış olacaq, dənizçilərimizlə futbol üzrə yoldaşlıq görüşü keçirəcəklər.

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edilib.

Sonra qonaqlar Səbail rayonunun görməli yerləri ilə tanış olublar.

 

AzərTac.az